Televizorun sol yuxarı küncündə Almaniya nəhəngi “Borussiya Dortmund”un adının qarşısında “Sabah”ı görmək həqiqətən də qəribə hiss idi.
Cəmi 9 il əvvəl yaranan və ötən mövsüm Azərbaycan çempionluğunu bayram edən təmsilçimiz səkkizqat Almaniya çempionunu, Çempionlar Liqasının və Kuboklar Kubokunun qaliblərindən birini Bakıya gətirmişdi.
Bütün bunlar adama yuxu kimi görünürdü. Amma əsl təəccüb oyunun içində bizi gözləyirdi. “Sabah” rəqibinin adına və nüfuzuna boyun əymədən, meydanın hər qarışında mübarizə apararaq, pressinq tətbiq edərək başabaş futbol oynamağa çalışdı və bunu bacardı.
Matç 1:2 hesabı ilə almanların başa çatdı. Halbuki Orfe Mbina qol fürsətini dəyərləndirə bilsəydi, bəlkə də “bayquşlar” meydanı heç-heçə ilə tərk edəcəkdi.
Oyundan sonra statistikaya nəzər salanda “Sabah”la fəxr etmək üçün daha bir səbəb ortaya çıxdı. Topa sahibolma faizində tam bərabərlik — 50 faizə 50 faiz.
“Bayquşlar” rəqib qapısına 13 zərbə endirdi, 4 künc zərbəsi qazandı və 1 qol vurdu. Həmin qolun standart vəziyyətdən vurulması da alqışalayiq məqam idi.
Baş məşqçi Valdas Dambrauskasın və futbolçuların oyunsonrası açıqlamaları isə ümumi mənzərəni tam aydınlaşdırdı.
Onlar “Borussiya” kimi nəhənglə qarşılaşmaqdan çox, məğlubiyyətə üzülürdülər. Çünki “Sabah” meydana sadəcə təcrübə toplamaq, böyük komandaya qarşı oynamaq üçün çıxmamışdı. Məqsəd həm də xal qazanmaq, hətta qalib gəlmək idi.
Təsəvvür edin, cəmi 9 il əvvəl yaranmış Azərbaycan klubu 116 yaşlı Avropa nəhənginə məğlub olduğuna görə məyusluq yaşayır. Çünki artıq belə rəqiblərlə qarşılaşmağı özü üçün əlçatmaz arzu yox, nəticə qazanmalı olduğu real sınaq hesab edir.
Əlbəttə, komandaların maliyyə imkanları və heyətlərinin dəyəri arasında ciddi fərq var. “Borussiya”nın iki futbolçusunun bazar dəyəri bəlkə də “Sabah”ın bütün heyətinin qiymətinə bərabərdir. Ancaq Bakıdakı 90 dəqiqə göstərdi ki, meydanda təkcə pullar və adlar danışmır.
Bir vaxtlar “Borussiya Dortmund”u televizor ekranından izləyir, onunla qarşılaşmağı xəyal edirdik.
Bu gün isə almanlar artıq üçüncü dəfə Azərbaycana səfər edir, bu dəfə “Sabah”la üz-üzə gəlirdilər. Əvvəllər “Qarabağ” və “Qəbələ” ilə qarşılaşan Dortmund təmsilçisi indi Azərbaycan çempionunun qonağı idi.
Təəssüf ki, “Borussiya” ilə oyunlarda məğlubiyyət seriyasını qırmaq mümkün olmadı. Bununla belə, “Sabah”ın cəsarətli futbolu və nəticədən narazı qalması Azərbaycan futbolunda dəyişən düşüncə tərzinin bariz göstəricisidir.
Bir vaxtlar Avropa nəhəngləri ilə qarşılaşmaq özü böyük hadisə sayılırdısa, indi əsas məqsəd onlarla rəqabət aparmaq və xal qazanmaqdır.
“Sabah” uduzdu, amma Azərbaycan futbolu çox şey qazandı.
HƏBİB / SPORTİNFO.AZ
