Azərbaycan klubunun başqanı: “Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsidir”

01:20 Voleybol 108
Azərbaycan klubunun başqanı: “Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsidir”

Sportinfo.az xəbər verir ki, qadınlardan ibarət “Turan” voleybol klubunun prezidenti Həsən Zeynalov CEV Çempionlar Liqasının ilk matçında Tovuzda “Mladost”u (Xorvatiya) məğlub etdikləri (3:0) oyundan sonra sualları cavablandırıb.

- Oyunla bağlı təəssüratlarınız necədir?

- Tovuz tarixinə düşəcək bir gün idi. Həqiqətən də sevincimizin həddi-hüdudu yoxdur. Böyük həyəcan, böyük izdiham var idi. Bütün azarkeşlərə təşəkkür edirəm. Bizi tək buraxmadılar. İnşallah, bu qələbənin ardı gəlsin.

- Bu matçdakı mübarizə əzmini cavab oyununda da görə biləcəyik?

- Təbii ki. Komandamızın özəlliyi odur ki, uduzsaq belə, heç vaxt mübarizəsiz təslim olmarıq.

- Azarkeşlər haqqında nə deyə bilərsiniz?

- Zalda möhtəşəm ab-hava var idi. Azarkeşlərin hamısına təşəkkür edirəm, var olsunlar. Yer olmadığı üçün xeyli azarkeş həyətdə monitordan oyunu izləyirdi. Möhtəşəm idilər. Demək olar ki, qələbənin yarısını azarkeşlər qazandı, yarısını biz.

- Üçüncü setdə komanda 3 top fərqi ilə geri düşmüşdü. Həmin anda hansı hisslər keçirirdiniz?

- Əvvəl bir qədər həyəcanlı idim. Lakin keçən ildən təcrübəmiz var deyə bilirdim ki, sonda sevinəcəyik.

- Matçın asan keçəcəyini gözləyirdiniz?

- 3:0-lıq qələbə qazansaq da, bu, bizi aldatmamalıdır. Oyun heç də asan keçmədi. Çünki bizə qədər rəqib cari mövsüm 4 rəsmi oyun keçirmişdi. Bizim isə ilk matçımız idi. Üstəlik, öz azarkeşlərimiz önündə oynayırdıq. Fanatlar rəqibə nə qədər təzyiq göstərirdilərsə, bizə də bir o qədər həyəcan verirdilər.

- Yenilənən “Turan”ı görəndən sonra hədəflərinizə çatacağınıza inanırsınız?

- Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsidir. Lakin bu o demək deyil ki, ora düşüb, formal çıxış edəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM