"Sabah" Çempionlar Liqasında daha bir oyunun arxada qoydu.
"Bayquşlar" bu dəfə doğma divarlar arasında "Borussiya"nı qəbul etdi.
Yaxşı oyun keçirən Valdas Dambrauskasın komandası meydandan məğlubiyyətlə ayrılmalı oldu - 1:2.
Sportinfo.az-a açıqlama verən təcrübəli futbol mütəxəssisi Şahin Diniyev məhz bu oyun ətrafında danışıb:
"Sabah" "Borussiya" qarşısında yaxşı oyun göstərdi. Çempionlar Liqasına layiq bir qarşılaşma izlədik.
Düzdür, "Borussiya" son oyunlarda formada deyil. Həm daxili çempionatda, həm də Çempionlar Liqasında məğlubiyyətlə üzləşib.
Komandada müəyyən eniş yaşanır. Ancaq "Borussiya" yenə də "Borussiya"dır.
Futbolçuların fərdi keyfiyyəti və səviyyəsi baxımından Dortmund təmsilçisi "Sabah"dan qat-qat üstündür.
Ona görə də dünənki oyun öncəsi əsas sual "Sabah"ın necə oynayacağı yox, belə rəqib önündə necə dayanacağı idi.
Düşünürəm ki, "Sabah" layiqli mübarizə apardı.
Özündən daha yüksək səviyyəli rəqibə qarşı öz oyununu ortaya qoya bildi.
Düzdür, "Borussiya" istədiyi an tempi artıraraq oyunun gedişatını öz xeyrinə dəyişə bilirdi.
Bu da futbolçularının yüksək fərdi keyfiyyətindən və təcrübəsindən irəli gəlir.
"Sabah"ın ilk hissənin və ikinci yarının ilk 10-15 dəqiqəsində zəif çıxış etdiyini deməzdim.
Sadəcə, "Borussiya" meydanın rəqibə aid hissəsində pressinq edərək"Sabah"ın hücumlarını qurmasına mane olur, topu ələ keçirərək qol vəziyyətləri yaradırdı.
Yadınızdadırsa, ilk hissənin təxminən 10-cu dəqiqəsinədək qapıya 5-6 zərbə vurmuşdular. Bu, artıq ciddi siqnal idi.
Ancaq sonrakı dəqiqələrdə "Sabah" oyunu bərabərləşdirə bildi. Statistikaya baxsaq, qapıya vurulan 22 zərbənin 11-i "Sabah"ın payına düşürdü.
Bu da bugünkü reallıqdır. "Sabah" belə oyunlarda böyük təcrübə qazanır və inkişaf yolunda irəliyə doğru addım atır.
Loru dildə desək, "Sabah" özündən qat-qat güclü rəqibə qarşı başıuca futbol oynadı. Üstəlik, qarşıda bundan da çətin rəqiblər var".
Diniyev əlavə edib ki, klub belə davam etsə, xal ehtiyatını artıra bilər:
"Bəlkə də "Vikinq"lə oyunda xal qazanmaq şansı daha yüksək olacaq. Amma onu da unutmayaq ki, "Vikinq" də sıradan rəqib deyil. "Sabah"ın xal qazanmaq imkanları var.
"Borussiya" ilə qarşılaşmada bir qədər bəxtimiz gətirsəydi, rəqib bəzi epizodlarda uğursuzluq yaşasaydı, bəlkə də fərqli nəticənin şahidi olardıq. Ancaq reallıq budur ki, "Borussiya" layiqli qələbə qazandı.
Bununla belə, "Sabah" Çempionlar Liqasında özünü yaxşı tərəfdən göstərdi. Komandanı təbrik edirəm, futbolçulara və məşqçilər heyətinə gələcək oyunlarda uğurlar arzulayıram.
Düzdür, qarşıda "Barselona", "Vilyarreal", "Arsenal" və "Napoli" kimi rəqiblər var. Bunlar sıradan komandalar deyil. Ancaq oyunlar keçdikcə "Sabah" Çempionlar Liqası təcrübəsi qazanır, öz oyununu təkmilləşdirir və inkişaf edir. Əsas məsələ də budur".
XANOĞLAN
