Azərbaycanda 3 komandaya texniki məğlubiyyət verildi

25 Noyabr 2023 08:50 İspaniya 848
Azərbaycanda 3 komandaya texniki məğlubiyyət verildi

İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

U-15 Liqasının “Lion” PFK – “Ulduz” (Mingəçevir) oyununda “Lion”un futbolçusu Hüseyn Hüseynov rəqibi vurduğuna görə qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb. “Ulduz”un futbolçusu Elcan Həsənov da rəqibi vurduğuna görə qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb.

U-11 Liqasının “Qazax Gəncləri” - UGİM (Tovuz) qarşılaşması UGİM (Tovuz) komandasının heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə Tovuz klubuna 0:3 hesabı ilə məğlubiyyət verilib.

U-11 Liqasının “Azəri” (Gəncə) – “Qoşqar” (Gəncə) qarşılaşmasında “Qoşqar” (Gəncə) komandası Əsasnaməyə uyğun yaş limiti qaydasını pozduğuna görə “Qoşqar”a 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

U-10 Liqasının “Zəngəzur” FK – “Xətai” FK qarşılaşması “Zəngəzur” FK komandası təyin edilən vaxtda meydanda olmadığı üçün baş tutmadığına görə sözügedən komandaya 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

Futzal üzrə Yüksək Liqanın “Araz Naxçıvan” – “Neftçi” İK İB oyununda “Neftçi”nin oyunçusu Namiq Məmmədkərimov 2-ci sarı vərəqə aldıqdan sonra “Araz Naxçıvan”ın oyunçusu Lucas Freitas Romao Da Silvaya əli ilə zərbə endirdiyinə görə 4 oyun cəzalanıb.

Futzal üzrə Yüksək Liqanın “Record” – “Yasamal Bakı” oyununda “Yasamal Bakı”nın oyunçusu Fuad Məmmədzadə təcavüzkar davranış (oyun bitdikdən sonra rəqibi əl ilə vurduğuna görə) birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 4 oyun cəzalandırılıb.

Futzal üzrə I Liqada keçirilən “Star Kargo” – “Timsport” oyununda “Timsport”un qapıçısı Səbuhi Məmmədov qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə və meydançanı gec tərk edərək oyunun bərpasını ləngitdiyinə görə 5 oyun cəzalandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”