“Atletiko”nun hücumçusu Xulian Alvaresin “Barselona”ya mümkün transferi ilə bağlı qeyri-müəyyənlik davam edir.
Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, Kataloniya klubu hazırkı təklifini yaxşılaşdırmaq niyyətində deyil və həmin təklifi geri götürməyi də planlaşdırmır.
Alvares hazırda “Barselona”nın hücum xətti üçün yeganə əsas namizəddir. Klubun gündəmində başqa ciddi alternativ yoxdur.
Kataloniyalılar ümid edirlər ki, 26 yaşlı futbolçu təşəbbüsü öz üzərinə götürəcək və “Atletiko” rəhbərliyindən onun transferinə razılıq verməsini açıq şəkildə xahiş edəcək.
“Transfermarkt” portalı argentinalı forvardın dəyərini 120 milyon avro olaraq qiymətləndirir.

