“Barselona”nın yeni transferi Kərim Adeyemi baş məşqçi Hans-Diter Fliklə söhbətindən danışıb.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı futbolçu, Kataloniya klubuna keçid qərarını dərhal verdiyini bildirib:
“Flikin məni razı salmağa ehtiyacı yox idi. O, sadəcə mənə zəng edib “Barselona”ya keçmək istəyib-istəmədiyimi soruşdu və mən dərhal “hə” dedim.
Çünki bu, dünyanın ən böyük klubudur. Baş məşqçiyə etibar edirəm və ona böyük hörmətim var. Flik məni Almaniya millisindəki vaxtımızdan yaxşı tanıyır.
Əla münasibətlərimiz var. Ümid edirəm ki, o, mənim potensialımı və komandaya gətirə biləcəyim keyfiyyətləri görür”.
“Barselona” Adeyeminin transferini ötən həftə rəsmən açıqlayıb. Daha əvvəl Dortmund “Borussiya”sında çıxış etmiş futbolçunun transferi Kataloniya klubuna 22 milyon avroya başa gəlib.

