“Barselona”nın baş məşqçisi Hans-Diter Flik klubun “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva ilə müqavilə imzalamasını dəstəkləyir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun transferi ilə bağlı yekun qərarda Flikin mövqeyi həlledici rol oynayıb.
Bildirilir ki, oyunçunun özü də Kataloniya təmsilçisinə keçidə razılıq verib.
Silva ilə təkcə “Barselona” maraqlanmır. Onun xidmətində “Atletiko”, “Benfika”, eləcə də Türkiyə, Fransa, İtaliya və Səudiyyə Ərəbistanından olan bir sıra klublar da maraqlıdır.
31 yaşlı yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsinin müddəti bu ayın 30-da başa çatacaq. O, 2017-ci ildən bəri “şəhərlilər”in formasını geyinir.
Silva ötən mövsümdə bütün turnirlərdə 53 oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.

