
“Barselona”nın hücumçusu Vitor Roke tezliklə “Palmeyras”a satılacaq.
Braziliyalı forvard icarə əsasında “Betis”də oynayır, ancaq görünür, o, dünən seviliyalılar üçün son matçını keçirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Roke “Palmeyras”a transferini başa çatdırmaq üçün gələn həftənin əvvəlində vətəninə gedəcək.
Müqavilə demək olar ki, razılaşdırılıb.
“Barselona” Rokenin satışından təxminən 25 milyon avro qazanacaq – məbləğ iyunun sonuna kimi ödəniləcək.
Bundan əlavə, Kataloniya klubu 19 yaşlı forvardın gələcək satışından əldə olunan məbləğin 20 faizini də alacaq.
Roke “Barselona”ya 2024-cü ilin əvvəlində, 30 milyon avroya “Atletiko Paranaense”dən keçib.