“Liverpul”un baş məşqçisi Arne Slot qış transfer pəncərəsində mümkün satışlarla bağlı sualı cavablandırıb.
Son vaxtlar “qırmızılar”ın bəzi futbolçularına digər klubların maraq göstərdiyi barədə söz-söhbətlər yayılıb.
Xüsusilə, vinger Federiko Kyezanın bu ay “Yuventus”a qayıda biləcəyi ilə bağlı müzakirələr bir neçə həftədir davam edir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı klubun bu məsələdə qapıları tam bağlamadığını bildirib:
“Transferlərdə olduğu kimi, satışlar məsələsində də heç nəyi istisna etmirik. Klubun mövqeyi hər zaman belə olub.
Mənim, idman rəhbərliyinin və klubun sahiblərinin razı qalacağı bir təklif alarıqsa, bu imkanı nəzərdən keçirər və bütün tərəflər üçün sərfəli qərar qəbul etməyə çalışarıq”.
Slot bu fikirləri bu gün “Bernli”yə qarşı keçiriləcək oyun ərəfəsində səsləndirib. “Liverpul” hazırda İngiltərə Premyer Liqasında turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Komanda Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

