İngiltərə Premyer Liqasının 12-ci turunda “Old Trafford”da keçirilən “Mançester Yunayted” – “Everton” qarşılaşması gözlənilməz insidentlə yadda qalıb.
Sportinfo.az xəbər verir ki, oyunun 13-cü dəqiqəsində qonaq komandanın futbolçusu İdrissa Qana Queye komanda yoldaşı Maykl Kinə şillə vurduğu üçün meydandan qovulub.
Epizod Bruno Fernandesin təhlükəli zərbəsindən sonra yaşanıb. “Everton” müdafiəçisi Maykl Kinin topa müdaxilədə səhvə yol verməsindən qəzəblənən 36 yaşlı Queye onunla gərgin mübahisəyə girib və daha sonra komanda yoldaşına əl qaldırıb.
Hadisəni dərhal qiymətləndirən baş hakim Harrinqton Queyeyə birbaşa “qırmızı vərəqə” göstərib. Qapıçı Cordan Pikford və Bamba Ndiaye futbolçunu sakitləşdirmək üçün onu meydanı tərk edənə qədər müşayiət ediblər.
İnsident Premyer Liqada oyunçu davranışları ilə bağlı son illərin ən qeyri-adi hadisələrindən biri kimi dəyərləndirilir.
Matçı “Everton”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.



