“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

27 Oktyabr 2020 01:24 Gündəm 411
“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi vəziyyət, bəzi yerlərdə isə komendant saatı elan olunub.

Eyni zamanda, noyabrın 2-nə qədər Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilib.

Sportinfo.az xəbər verir ki, müharibə vəziyyətində döyüşdə məğlub olan Ermənistanın Azərbaycanda terror törətmək istəyi barədə hüquq-mühafizə orqanlarına kəşfiyyat məlumatı daxil olub.

Bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq terror təhlükəsinə görə əhaliyə müraciət edərək xəbərdarlıq edib. İnsanlardan bir yerə toplaşmamaq, ictimai nəqliyyatda və ictimai yerlərdə ayıq-sayıq olmaq istənilib.

ABŞ səfirliyi də artıq Bakıda terror aktı törədilə biləcəyi barədə xəbərdarlıq yayıb. Paytaxt sakinləri dövlətin bu çağırışlarına ciddi yanaşmalı və həm ehtimal olunan terror aktının törədilməsinə şərait yaratmamaq, həm də öldürücü gücə malik koronavirusun yayılmaması üçün bir yerə toplaşmamalıdırlar.

Biz bu gün qələbə sevinci ilə həyəcanlanaraq bu çağırışları ciddiyə almasaq, daha böyük bədbəxt hadisələrə səbəb ola bilərik. İnsanlar nə qədər inanmasa da yaxud xəbərdarlıqlara ciddi əməl etməsə də, real terror təhlükəsi ilə üz-üzəyik və bu, tarixən reallaşıb da. Ermənilər birinci Qarabağ müharibəsi zamanı Bakıda 1994-cü ildə iki dəfə Bakı metrosunda terakt törədərək 27 nəfərin ölümünə, 91 nəfərin yaralanmasına səbəb olub. Hər iki terror aktının təşkilatçısı Ermənistan Milli Təhlükəsizlik Nazirliyi olub.

Azərbaycan Ordusu hər gün uğurlu hərbi əməliyyatları davam etdirir. Məğlub Ermənistan isə əhali arasında panika yaratmaq üçün müharibə cinayətlərinə, dövlət terroruna əl atıb. Dəfələrlə ölkənin mülki əhalinisinin yaşadığı şəhərlər raket və artilleriya atəşinə tutulub. Ermənistanın faşist rəhbərliyi bu məğlubiyyətdən yayınmaq cəhdləri ilə Azərbaycanda edə biləcəyi mümkün teraktları etməyə hazırdır.

Buna görə də əhali ayıq-sayıq olmalı, qələbə xəbərlərini qeyd etmək üçün toplaşmamalıdır. Dünən Qubadlı şəhərinin azad edilməsi xəbərindən sonra Sumqayıtda və Bakının bəzi yerlərindəki toplaşmalar təhlükəsizlik baxımından çox riskli idi.

Sabiq polis rəisi, təhlükəsizlik məsələləri üzrə ekspert-kriminalist Mahmud Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, işğal olunan ərazilərimizin azad olunması ilə bağlı kütləvi şəkildə küçələrə çıxmaq, atəşfəşanlıq etmək çox təhlükəlidir: “Bu sevinc hamımızın sevincidir. Hazırda ön cəbhədə olduğu kimi arxa cəbhədə də qayda-qanunlara əməl etmək lazımdır. Bu yaxınlarda Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi bəyanat verdilər ki, ehtiyatlı olmaq lazımdır, terror ola bilər. Heç bir dövlət terrordan sığortalanmayıb. ABŞ, Böyük Britaniya kimi dövlətlərdə belə terror hadisəsi törədilə bilir. Belə atəşfəşanlıqla küçələrə çıxmaq, hay-küy yaratmaq, həm ön, həm də arxa cəbhə üçün təhlükəlidir”.

Mütəxəssis bildirib ki, digər tərəfdən, insanların bir yerə yığışması həm də koronavirus infeksiyasının yayılması baxımından təhlükəlidir: “Biz həm müharibənin gedişatına maneçilik edirik, həm də daxildən xəstəliyin yayılmasına təkan veririk. Bu nöqteyi-nəzərdən, mən bir yüksək çinli zabit kimi əhalidən xahiş edirəm, yalvarıram ki, belə etməsinlər. Hazırda Allah da, ədalət də, güc-qüvvə də, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Biz qalib gələcəyik. Məsələ tam həll olunandan sonra elliklə küçələrə çıxacağıq. Hazırda isə komendant saatına, hərbi vəziyyətə əməl etmək alzımdır”.

Peşəkar hərbçi, ehtiyatda olan polkovnik Şair Ramaldanov da “Qafqazinfo”ya bildirib ki, insanların öz sevinclərini bölüşmək istəyi başadüşüləndir. Lakin Azərbaycanda hazırda hərbi vəziyyət elan olunub, komendant saatı tətbiq olunur və saat 21:00-dan sonra icazəsiz küçəyə çıxmaq qadağandır. Ona görə də qanunlara əməl olunmalıdır:

“Başa düşürük ki, bu xəbərlər sevinclidir, amma sosial şəbəkələrdəki görüntülərdən də görünür ki, dünən küçələrə çıxan əhali bunu necə qeyd edirdi. Təəssüflər olsun ki, həm pandemiya ilə bağlı məsafə qorunması, maska taxılması tələbləri pozulub. Həm də kütləvi şəkildə toplaşanda orada hər hansı diversiya niyyətli tədbir görülə bilər və nəticədə xətalar ortaya çıxa bilər. Bizim Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi tərəfindən ehtiyat tədbirləri yüksək peşəkarlıqla həyata keçirilir. Biz bunun gündəlik hər yerdə şahidi oluruq. Amma yüz faiz heç yerdə təminat yoxdur ki, belə hallar baş verməyəcək. Kütləvi toplanma zamanı tanış olmayan şəxslərin iştirakı gələcəkdə hər hansı xoşagəlməz faciəyə çevriləcək amillərin ehtimalları daha çox artırır”.

Ş. Ramaldanov həmçinin fürsətdən istifadə edib əhaliyə müraciət edib və bildirib ki, bundan sonra da ərazilərimizin azad olunması ilə bağlı məlumatlar olacaq. Xahiş olunur, insanlar bu sevinci evlərində, ailə çərçivəsində bölüşsünlər: “Əgər küçəyə çıxmaq istəsələr komendant saatının bitməsini gözləsinlər, ondan sonra bir-birilərini təbrik eləsinlər. Ancaq bir şeyi unutmasınlar, biz pandemiya şəraitində yaşayırıq, hərbçilərin də müraciətləri var ki, “biz sizi qoruyuruq, siz də bizi maska taxmaqla qoruyun”. Mənə elə gəlir bundan səmimi müraciət ola bilməz. Düşünürəm ki, Azərbaycan cəmiyyətində elə insan yoxdur ki, öz ordusunu istəməsin. Ona görə də, belə hallara yol vermək olmaz. Həm koronavirusla bağlı qoyulan tələblər, tövsiyələr, həm də dövlət tərəfindən elan olunan hərbi vəziyyətlə bağlı tələblər yerinə yetirilməlidir”.

Digər Xəbərlər
Xəbər Lenti