Millidə əsas problem – Bunları oyunçunun özü deyir

12 Yanvar 2022 12:40 Futzal 402
Millidə əsas problem – Bunları oyunçunun özü deyir

“Yanvarın 10-dan təlim-məşq toplanışına yığışmışıq. Əslində isə məşqləri yanvarın 5-dən bərpa etmişik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futzalçısı Ramiz Çovdarov deyib.

Təlim-məşq toplanışını davam etdirən yığmamızın üzvü hazırlıq barədə fikirlərini Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlayıb:

“Sadəcə, həmin vaxtdan Bakıda olan oyunçular hazırlıq prosesində iştirak edirdi. Plan üzrə hazırlıqlarımız davam edir.

Bəzən gün ərzində 1, bəzən isə 2 məşq keçirik. Əsas problemimiz komanda şəklində verilən tapşırıqları yerinə yetirməklə bağlıdır.

Çünki bir neçə futzalçımız fərqli klublarda və üslubda oynayırlar. Qalır onların baş məşqçinin verdiklərini meydanda icra etməsi”.

Ramiz vaxt azlığını da qabardıb: “Düzdür, vaxtımız azdır. Ancaq hər məşqdə maksimumu etməyə çalışırıq.

Digər komandalar bizdən əvvəl toplanışa başlayıblar. Bizim gecikməyimiz ölkədən kənarda çıxış edən oyunçuların çempionatlarının davam etməsi ilə bağlı oldu.

Elə etməliyik ki, bir yumruq olaq, bir nöqtəyə vuraq. Belçika ilə yoldaşlıq oyunu çox vacibdir. Bu görüş final mərhələsinə nə qədər hazır olduğumuzu göstərəcək.

Belə deyək də, məşqlərimizin bəhrəsini orada görəcəyik. Hər nə qədər gec toplaşsaq da, müəyyən “axsamalar” olsa da, yaxşı nəticə qazanacağımıza ümid edirəm.

Qrupdakı rəqiblərimizə gəldikdə, bütün komandalar hazırlaşır. İspaniya və Bosniya və Herseqovina ilə yaxın 4-5 ildə qarşılaşmışıq.

Gürcüstan millisi ilə əvvəlki illərdə oyunlar keçirilib. Nə ispanlar, nə də bosniyalılar yerinə sayır. Daim inkişaf edir, dəyişirlər.

İspaniya sonuncu Avropa və dünya çempionu olan Portuqaliya ilə iki yoldaşlıq oyunu keçirib və qələbə qazanıb. Əlbəttə, qarşılaşmalar çətin keçəcək”.

Xəbər Lenti