İlkin Fikrətoğlu AFFA haqda bu sözləri işlətdi – Yazıq nə biləydi ki…

15 Yanvar 2023 14:00 Bizimkilər 630
İlkin Fikrətoğlu AFFA haqda bu sözləri işlətdi – Yazıq nə biləydi ki…

Yanvarın 11-i AFFA-nın ilk prezidenti Fuad Musayevin doğüm günü idi.

Yaşasaydı, 85 illik yubileyini qeyd edəcəkdi.

Fuad Musayevi sağlığında - 22-23 il əvvəl AFFA prezidenti postunda “qılıncının qəbzəsi də kəsən” vaxtlaırnda jurnalist kimi çox tənqid etmişəm,

Elxan Məmmədov kimi tənqidçilərini susdurmaq, işdən çıxarmaq kimi cılız vasitələrə əl atmasa da, mübahisələrimiz olub, münasibətimiz də həmişə soyuq.

Ona görə indi haqq dünyasında olan bu şəxsin mənfi yönlərinə bir o qədər toxunmayacam. Zatən, yaşlı və orta nəsil futbol həvəskarları AFFA-nın ilk prezidentini yaxşı tanıyır.

Atası şuşalı, anası gəncəli olan Fuad Ənvər oğlu Musayev 1938-ci ilin 11 yanvarında Bakıda dünyaya göz açıb.

Yeniyetmə və gənclik dövründə paralel olaraq, futbol və voleybolla məşğul olub. Voleybolçu yoldaşları arasında Azərbaycanın ilk prezidenti - mərhum Ayaz Mütəllibov da yer alıb.

Futbolda 1962-65-ci illər arasında “Burevestnik”lə “Dinamo” komandalarının heyətində Bakı və Azərbaycan çempionluqlarını qazanıb.

Voleybolda isə daha böyük uğurlara imza atıb: Azərbaycan çempionu, gənclər arasında SSRİ çempionu, müxtəlif beynəlxalq turnirlərin qalib və mükafatçısı.

İdmançı karyerasını bitirdikdən sonra inzabati idarəetmə sistemində çalışmağa başlayıb. 35 yaşında - 1973-cü ildə keçmiş SSRİ-nin yeganə partiyası - Kommunist Partiyasının Mərkəzi Aparatında işə başlayıb.

Kənd təsərrüfatı nazirinin müavini, Dağ-Mədən Nəzarəti üzrə Komitə sədrliyindən tutmuş, Bakı şəhər partiya komitəsinin 1-ci katibi, indiki mer vəzifəsinə qədər işləyib. Həm də ovaxtkı Ali Sovetin deputatı olub.

“Neftçi” o zaman SSRİ-də Azərbaycanın markası sayıldığı üçün Fuad Musayev 1983-88-ci illərdə Bakı şəhərinin rəhbəri postunu tutarkən, həm də qeyri-rəsmi şəkildə bu klubun rəhbəri olub.

Buna görə inzabi idarəetmədə işi hər nə qədər çox olsa da, futboldakı prosesləri daim nəzarətində saxlayıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra - 1992-ci lin martında AFFA təsis olunub. Fuad Musayevin həm keçmiş futbolçu-voleybolçu karyerası, həm də uzun illər idarəetmə sistemində qazandığı təcrübə əsas götürülüb və ilk təsis konfrasının iştirakçıları onu yekdilliklə AFFA-nın prezidenti seçib.

1992-ci ildə müharibə, ehtiyac içində olan, futbolun az qala yaddan çıxdığı bir məmləkətdə assosasiya formalaşdırmaq, Qarabağda erməni işğalçılara qarşı döyüşən qəhrəman oğullarımızla həmyaşıd gənclərin toplaşdığı komandaları bir araya gətirib, ilk milli çempionatı təşkil etmək böyük qabiliyyət və zəhmət tələb edirdi.

Azərbaycan milli çempionatı 26 komandanı yalnız və yalnız 1992-ci ildə gördü.

Avropa futbol ailəsinə üzv olmaq isə Fuad Muzayevin AFFA adına gördüyü ən böyük işlərdən idi.

Azərbaycanın çox hissəsi coğrafi baxımdan Asiyaya aid olduğundan, 1994-cü ildə AFFA-nı Asiya Futbol Konfederasiyasına qəbul etmək istəyiblər.

Musayev bu məsələdə prinsipiallıq göstərib. UEFA-nın qarşısında Asiyada 1 faiz belə torpağı olmayan İsraili, ərazisinin 97 faizi Asiyada yerləşən Türkiyəni fakt kimi ortaya qoyan Fuad Musayev Azərbaycan futbolunun gələcək inkişafı baxımından AFFA-nın Avropa Futbol İttifaqına üzvlüyünə qəbul olmasını tələb edir və buna nail olur.

Bəlkə də bəzi azarkeşlər rəhmətliyi buna görə qınayır ki, 30 il əvvəl bizi işə salmısan: nəyimizə lazım idi, Azərbaycan millisinin Avropada hər seçmə mərhələdə ağır məğlubiyyətlər alıb azarkeşi üzməsi, ondansa, Asiyada oynayıb Laos, Nepal, Əfqanıstan və Banqladeşə 4-5 qol vurub özümüzü yalançı qələbələrlə aldadardıq.

Amma Musayev 1994-cü ildə bunu gələcəyi düşünərək etmişdi, yazıq nə bilsin ki, 30 ildən sonra AFFA-nın 30 milyonluq büdcəsi olan vaxtda belə, biz elə 1995-də olduğu kimi, seçmə mərhələdə 1 xal qazanacağıq.

UEFA 1994-də AFFA-nı üzvlüyə qəbul etsə də, müharibə vəziyyətini əsas gətirib, AVRO-96-nın seçmə mərhələsində ev oyunlarını Azərbaycanda keçirməyə icazə vermədi.

Bizə ev oyunları üçün Moldova, Qazaxıstan və Gürcüstan variantları təklif olunmuşdu.

Fuad Musayev burada da UEFA qarşısında qəti mövqe qoydu: Qardaş Türkiyə, Trabzon şəhəri. UEFA öz ailəsinin yeni doğulmuş, şıltaq uşağa bənzər üzvünün – Azərbayanın bu dirənişinin də qarşısında geri çəkildi.

AFFA-nın o dövrdə büdcəsi demək olar yox idi, Türk qardaşlarımız sağ olsun, oteli, stadionu pulsuz hədiyyə etdilər.

“Neftçi”nin məşhur prezidenti Rasim Rəfiyevin məkanı cənnət olsun, Rusiya istehsalı olan “İL” markalı şəxsi təyyarəsini milli komandanın istifadəsinə vermişdi.

Onu da qəzalı vəziyyətinə görə bəzi beynəlxalq aeroportlar qəbul etmirdi.

1996-cı il üçün AFFA-nın büdcəsi cəmi 100 min dollar idi. Təssəvür edirsiz, 100 min dollar! İndi milli komanda Malta, Lüksemburqla-filanla heç-heçə oynayanda 100 mindən çox pulu mükafat kimi oyunçulara paylayırlar.

1992-2003-cü illərdə - 11 il AFFA prezidenti işlədiyi dövrdə Fuad Musayevin diktator xarakterindən irəli gələn səhvləri də çox olub. Qarşısını kəsdiyi futbolçu, hakim, məşqçiləri, jurnalistlərlə kobud rəftarını da unutmamışıq.

Zamanında bu barədə çox danışmışıq, indi ruhunu narahat etməyək.

Oğlu Tofiq Musayev tanınmış diplomatdır, uzun illərdir Azərbaycana layiqincə xidmət edir, Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavinidir.

Onu xanımı Firuzə Vəlixanlı isə Azərbaycan şahmatının ən məşhir yetirmələrindən biridir. Hazırda bu ailə işlə əlaqədar Nyu-Yorkda yaşayır. Nəvələrindən biri babası Faud Musayevin adını yaşadır.

AFFA-dakıların özündə isə görünür, keçmişə hörmət anlayışı, ümumiyyətlə, yoxdur. Bir neçə gün əvvəl AFFA-nın 30 illik yubileyi təntənə ilə, amma mediaya qapalı şəraitdə qeyd olundu.

Təəssüf ki, bu gün 30 milyon manatlıq büdcənin üzərində oturanlar 30 il əvvəl qurulan bu təşkilalatın ilk rəhbərinin adını yubiley tədbirində çəkməyi, həm Fuad Musayevin, həm AFFA-nın figər mərhum prezindeti Ramiz Mirzəyevin xatirəsini sükutla yad etməyi lazım bilmədilər.

Sanki özləri əbədidirlər. Keçmişə göstərdikləri hörmətziliyi yəqin ki, özlərindən sonra gələnlər də onlara göstərər.

85 illik yubilyinə çatmağa əcəlin imkan vermədiyi Fuad Musayev 2017-ci ilin yayında - 79 yaşında həyatla vidalaşdı.

Taleyin gərdişinə bax - iyunun 18-də indiki AFFA-nın milyonları içində özünə karyera quran Elxan Məmmədov doğum gününü qeyd edən gün, həmin o AFFA-nı qurub-yaradan Fuad Musayev torpağa tapşırıldı.

Həyat bu qədər qəribəliklərl dolu...

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti