İki azərbaycanlı yeniyetmə futbolçunun İtaliyaya yollanacağı dəqiqləşib.
Söhbət EFA-nın (European Football Academy) yetirmələrindən gedir.
Məsud Əlişanlı və Cavid Əfəndiyev artıq bu ay sözügedən ölkəyə üz tutacaq.
17 yaşlılardan ibarət yığmaya da dəvət alan Musudun Apennin yarımadasına göndərilməsi öncədən məlum olmuşdusa, Cavidin məsələsinə yaxınlarda tam aydınlıq gəlib. 
«Peruca» Futbol Akademiyası ilə əldə edilmiş razılığa əsasən, 2023-cü ilin yanvarından etibarən EFA ilə müqaviləsi olan istedadlı yeniyetmələrin sözügedən ölkəyə göndərilməsi nəzərdə tutulub.
Hər iki futbolçunun bütün xərcləri EFA tərəfindən qarşılanacaq. Müqavilənin şərtlərinə görə, onlar «Peruca» Futbol Akademiyasında futbol təlimləri ilə yanaşı, Kembric liseyində təhsillərini davam etdirəcəklər.

Bütün bunları nəzərə alaraq, EFA rəhbərliyi tərəfindən İtaliyaya göndərilməsi planlaşdırılan uşaqların yaxında onları gözləyən xarici mühitə daha hazırlıqlı olması, adaptasiya mərhələsinin tez və rahat keçirmələri üçün italyan dili üzrə dərslər təşkil edilib.
Həmçinin uşaqların İtaliyada təhsili və futbol təlimi ilə bağlı Təhsil Nazirliyi, o cümlədən, İtaliyanın ölkəmizdəki səfirliyi ilə müvafiq danışıqlar aparılıb, razılıq alınıb.
Hazırda Məsudla Cavidin sənədləri təsdiqlənməsi üçün müvafiq qurumlara təqdim olunub.
SPORTİNFO.AZ


