"Mübariz Mənsimov "Xəzər Lənkəran"ı futbola qaytaracaq"

26 Fevral 2020 20:20 Azərbaycan Futbolu 2 067
"Mübariz Mənsimov "Xəzər Lənkəran"ı futbola qaytaracaq"

Sportinfo.az Azərbaycan millisinin sabiq futbolçusu Uğur Pamukun müsahibəsini təqdim edir:

- 30 yaşında olsanız da, deyəsən artıq karyeranızı başa vurmusunuz. Son vaxtlar adınız heç bir klubun heyətində yoxdur.
- Bəli, indiki məqamda demək olar ki, karyeramı başa vurmuşam. Məşqçilik kurslarına gedirəm və gələcəkdə bu işlə məşğul olmaq istəyirəm. Həmçinin, hazırda başqa sahədə də çalışıram.

- Karyeranızda birdən-birə enişin səbəbi nə oldu?
- Bunu yalnız zədə ilə bağlayardım. Azərbaycanda məncə, o qədər də pis oynamadım. Amma zədə bu cür olmasına gətirib çıxardı. Lakin tarixi torpağımda oynadığıma görə xoşbəxtəm. Özüm əsl azərbaycanlıyam, Naxçıvanla sərhəd olan İğdırdanam. Babam da Gəncədəndir, hələ də orada qohumlarımız yaşayır.

- Son illərdə heç Azərbaycana qayıtmaq ehtimalınız olub?
- Oradan ayrıldıqdan sonra Türkiyənin "Manisaspor" klubuna keçdim. Hər şey də yaxşı idi. Amma çempionatın başlamasına bir həftə qalmış çarpaz bağlarım qopdu. Ondan sonra yenidən meydanlara qayıtdım. Ardınca avtomobil qəzası keçirdim, çiynim çıxdı. İki dəfə əməliyyat olundum. Azərbaycandan da təkliflərim var idi. Sadəcə bəzi səbəblərə görə bu keçid alınmadı. Amma nə vaxtsa Azərbaycana qayıdacam. Peşəkar futbolçu karyerasına Azərbaycanda başladım, orada çox yaxşı dostlar, qardaşlar qazandım. Azərbaycanda oynamağımın mənə böyük köməyi dəyib. Üzərimdə kimin əməyi varsa, minnətdarlığımı bildirirəm, haqlarını halal etsinlər.

- Maraqlıdır, Azərbaycan çempionatını izləyirsiz?
- Əlbəttə ki, baxıram. Premyer Liqanın demək olar ki, hər matçını izləyirəm.

- Premyer Liqa kənardan necə görünür?
- Əvvəlki illərlə müqayisədə indi daha sürətli, daha yaxşı oyunlar gedir. Bu da məncə, klublarımızda gənc məşqçilərin çalışması ilə əlaqədardır. Üstəlik, son illərdə Azərbaycanda çox yaxşı gənc futbolçular çıxıb, inkişaf ediblər. Elə oyunçular var ki, onları tanımıram, amma hazırda əsas heyətdə çıxış edirlər. Ağabala Ramazanov çox yaxşı oynayır. O vaxtı belə güclü deyildi. Amma indi çox artırıb. İnanıram ki, davamını da gətirəcək. Azərbaycan futbolçularının yaxşı oynaması və Avropaya yollanmasını çox istəyirəm.

- Bir vaxtlar millimizə də cəlb edilirdiz. Həmin dövrü necə xatırlayırsız?
- Azərbaycan yığmasında uzun müddət oynamadım. Amma istənilən halda, o formanı geyinmək, himni oxumaq insana gözəl anlar bəxş edir. Həqiqətən şərəf idi. Millidə az oynamağıma baxmayaraq, həmin hissləri heç vaxt unutmayacam. Azərbaycan yığmasında geyindiyim formaları belə saxlayıram. Üç yaşlı oğlum var, böyüyəndə həmin geyimləri ona verəcəm. Ümid edirəm ki, nə vaxtsa oğlum da Azərbaycan millisində oynayar.

- Sabiq komandalarından "Xəzər Lənkəran"ın fəaliyyətini dayandırması sizcə, Azərbaycan futboluna nə qədər mənfi təsir göstərir?
- "Xəzər Lənkəran" Azərbaycanın ən güclü komandasıydı. Hansı səbəbdən fəaliyyətini dayandırdığını bilmirəm. Amma onların olmaması çempionata təsir göstərir. Lənkəran stadionundan, oradakı ab-havadan Azərbaycanda yox idi. Hamı ora gələndə özünü peşəkar kimi hiss edirdi. İnanıram ki, bir gün yenə Mübariz Mənsimov "Xəzər Lənkəran"ın əsas komandasını yaradıb, çempionata qaytarar. Bilirəm, indi də kluba kömək edir. Amma əsas komandanı Premyer Liqada görmək istəyərdim.

- O vaxtı milliyə cəlb ediləndə, çoxları sizin Azərbaycan kökünüzün olduğuna inanmırdı. Bunu sizdən də soruşan olmuşdu?
- İstəyənlərə faktları verə bilərəm. Azərbaycanlıyam, qohumlarım da Gəncədə qalır. Sadəcə o vaxtı babam İğdıra köçüb, atam orada doğulub və Türkiyədən də Almaniyaya gəliblər. Mən isə burada anadan olmuşam. Türkəm, azərbaycanlıyam və bunu heç vaxt inkar etmərəm.

- Azərbaycan yığmasına paraqvaylı Sezar Meza Kolli cəlb oluna bilər. Onun milliləşdirilməsi prosesinə başlanılıb. Onun isə Azərbaycana bağlılığı yoxdur. Buna münasibətiniz necədir?
- Yığmamıza Sezar Meza Kolli lazım deyil. Birini milliləşdiriblər, bəsdir. Riçard Almeydanı nəzrdə tuturam. Amma o, yaxşı futbolçudur, yığmamıza kömək edə biləcək gücdədir. Sezar Meza Kolli kimi futbolçulardan isə Azərbaycanda çoxdur. Sadəcə həmin gənclərə şans vermək, etibar etmək lazımdır. Azərbaycan yığmasını da yerli mütəxəssislərə tapşırmaq lazımdır. Məsələn, Rəşad Sadıqova güvənmək olar. Özü bunu qəbul edər, ya yox, bunu bilmirəm. Məşqçilər çoxdur. Hansısa yerli çalışdırıcı çempion olmursa, avrokuboklara çıxmırsa, bu, onun zəif olması demək deyil. Hər məşqçiyə müəyyən heyət verilir və mütəxəssis də ona uyğun nəticə verir. Bəzən büdcə kifayət etmir, bəzən istədiyi futbolçunu ala bilmir. Fikrimcə, "Qarabağ"da hər şey yolunda gedir. Məhz onlar istədiyi futbolçunu gətirə bildiklərindən özlərini də sübut edirlər. "Qarabağ"ın avrokuboklar oyunları zamanı evimizdə sanki toy olur. Bütün işlərimizi buraxıb, Ağdam təmsilçisini izləyirik. Ümidvaram ki, yeni mövsümdə də qrupda oynayarlar və pley-offa yüksələrlər. Almaniyalı, polşalı, rusiyalı dostlarımla görüşəndə onlar da deyir ki, sizin "Qarabağ" avrokuboklarda çox yaxşı çıxış edir. Bu həqiqətən də gözəl hisslərdir. Onlar uğurlu çıxışın davamını gətirəcəyinə inanıram (apasport.az).

Xəbər Lenti