"Zirə", "Qəbələ" və "Neftçi" Azərbaycana nə qazandırdı?

29 İyul 2022 19:20 Azərbaycan Futbolu 1 139
"Zirə", "Qəbələ" və "Neftçi" Azərbaycana nə qazandırdı?

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Sportinfo.az xəbər verir ki, bu, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunlarında "Qəbələ" və "Neftçi"nin evdə müvafiq olaraq, Macarıstan "Fehervar"ına (2:1) və Kipr "Aris"inə (3:0) qalib gəlməsi, "Zirə"nin isə İsraildə "Makkabi" (Təl-Əviv) klubu ilə qolsuz heç-heçəsi sayəsində mümkün olub.

3 komanda birlikdə ölkənin aktivinə daha 0,625 xal gətirib. Bunun hərəyə 0,250 xalı "ağ-qaralar"la "qırmızı-qaralar"ın, 0,125 xalı isə "qartallar"ın payına düşüb.

Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 1,25-ə, son 5 mövsümdə isə 13,875-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci pillədə isə 15,125 xalla Polşa qərarlaşıb.

İsrail "Makkabi"nin "Zirə" ilə heç-heçəsinə və “Hapoel”in (Beer-Şeva) Belarusda Minsk "Dinamo"su üzərində qələbəsinə görə xallarını 20,125-ə çatdıraraq, 21-ci sıraya irəliləyib.

Eyni zamanda, Norveç (25,125) 13-cü, Danimarka (22,825) 13-cü, Litva (8,750) 38-ci, İrlandiya (8,625) 40-cı, Malta (7,625) 45-ci, Lixtenşteyn (6,000) 50-ci pilləyə yüksəlib.

Ukrayna (25,100) 14-cü, Xorvatiya (22,650) 19-cu, Kipr (20,075) 22-ci, Lüksemburq (8,750) 39-cu, Ermənistan (8,625) 41-ci, Şimali İrlandiya (8,333) 43-cü, Estoniya (7,582) 46-cı, Cəbəllütariq isə (5,791) 51-ci mövqeyə enib.

Digər Xəbərlər
Xəbər Lenti