“Burada dövlət tərəfindən klublara ayrılan pullar yalnız yerli futbolçulara ödənilir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in sabiq kapitanı Yeqor Xvalko deyib.
Ötən 3 ildə Gəncə təmsilçisinin formasını geyinmiş belaruslu hazırda legioner həyatını Qazaxıstanda davam etdirir.
Azərbaycanda keçirdiyi müddətdə 95 çempionat matçında meydana çıxaraq 3 qol vuran 29 yaşlı mərkəz müdafiəçisi buranı tərk edəndən sonra “Tobol”la anlaşdı.
Adıçəkilən ölkədə ölkə kubokunun qalibi, Premyer Liqanın bürünc medal mükafatçısı oldu. Bu ilin fevralından isə “Atırau”nun uğurları üçün tər tökür.
Xvalko bildirib ki, Qazaxıstanda legionerlərin əməkhaqqıları sponsorların yatırımlarından verilir:
«Tək maaş yox, əcnəbilərin məskunlaşması, gediş-gəliş biletləri, nəqliyyat xərcləri - hamısı sponsorların cibindən çıxır.
Dövlətin vəsaitindən legionerlərə pul ayırmaq olmaz. Ona görə də bəzən gecikmələr olur.
Məsələn, komandanın toplanışına yanvarın 23-də qoşulduğum halda, fevral və mart aylarının məvacibini bu yaxınlarda aldım.
Ümumi vəziyyət yaxşıdır, sadəcə sabitlik çatmır».

