"Sektorlar üzrə minimal əməkhaqqının tətbiqi bəzi şəxslərin maaşlarında artıma səbəb olacaq".
Bu fikirləri oxu.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov Azərbaycanda sektorlar üzrə minimum əməkhaqqının müəyyənləşdirilməsi təklifini şərh edərkən deyib.
O bildirib ki, sözügedən məsələnin tətbiqi ilə bağlı təklif sektorlar arasındakı maaş fərqləri ilə əlaqədardır:
"Ölkə üzrə ortaaylıq əməkhaqqı 1 100 manatdır. Lakin bəzi müəssisələrdə ortaaylıq maaş bu rəqəmdən üç-dörd dəfə çoxdur. Fərqlər çox olduğuna görə sektorlar üzrə minimal əməkhaqqının müəyyənləşdirilməsinə ehtiyac var. Minimum əməkhaqqı ilə ortaaylıq maaş arasında ciddi fərq mövcuddur. Həmin sektorda ortaaylıq maaş kifayət qədər yüksəkdirsə, oradakı minimum əməkhaqqının da dəyişdirilməsinə ehtiyac yaranır. Lakin əgər ortaaylıq maaş respublika üzrə ortaaylıq əməkhaqqına bərabərdirsə və ya ona yaxındırsa, o zaman minimal orta maaş tətbiq olunmalıdır.
Bunun faydası ondan ibarətdir ki, yüksək maaş ödənilən müəssisələrdə aşağı əməkhaqqı alanların gəlirlərində artım baş verəcək. Sözügedən məsələ maaş diskriminasiyasının aradan qalxmasına səbəb olacaq".

