
AFFA rəhbərliyinin Ayxan Abbasova xüsusi diqqət göstərməsi çoxlarında sual yaradıb.
Ki, ölkədə bu qədər məşqçi ola-ola niyə məhz ona etimad göstərilir? “Şamaxı”yla U-21-də, indi də əsas millidə.
Səbəbini müəyyənləşdirmək çətin deyil.
Futboldan az da olsa anlayışlı olanlar 44 yaşlı çalışdırıcının klublardakı – “Zirə”, “Sumqayıt”, “Turan Tovuz” və “Şamaxı”dakı fəaliyyəti ilə tanışdır.
İlk ikisini avrokuboklara daşıyıb, digər ikisi ilə məhdud büdcə ilə döyüşkən komanda formalaşdırıb, Premyer Liqada saxlayıb.
Abbasovun əsas bacarığı seleksiya işində uğurlu olmasıdır. “Turan Tovuz”a dəvət etdiyi futbolçulardan Otto Con Libiya klubuna satılıb, “Şamaxı” Belajdi Pusinin Rusiya klubuna satışından maddi qazanc əldə edib, Alexandro Serrano, Aleks Souza, Roderik Miller kimi futbolçular bu gün “Turan Tovuz”un aparıcı simaları hesab olunur.
Ötən mövsüm “Şamaxı”nın uğurları üçün tər tökən Brahim Konate ilə Leroy Mikels avrokubok iddiaçısı “Zirə”nin sıralarındadır.
Bu futbolçuların hər birinin yolunu Azərbaycana Ayxan Abbasov açıb.
Digər üstünlüyü yerli futbolçularla işləmək bacarığı, xüsusən də gənc kadrlara şans verməsidir.
“Turan Tovuz”u çalışdırdığı dönəmdə çoxlarının siyahıdan sildiyi Faiq Hacıyevə əsas heyətdə güvənən, Sadiq Şəfiyevə 17 yaşında Premyer Liqada forma şansı qazandıran çalışdırıcı “Şamaxı”dan eyni missiyanı davam etdirməkdədir.
Edqar Adilxanovla Rüfət Abbasovu, həmçinin Rauf Rüstəmlini ilk dəfə elitada oynadaraq milli komandalara yollarının açılmasına səbəbkar olan adam da məhz bu çalışdırıcıdır. Emil Süleymanovu diqqətdə saxlayın. Yaxın 1-2 ildə əsas millinin aparıcı üzvlərindən birinə çevriləcək. Onu da “Qəbələ”dən bəyənib “Şamaxı”ya gətirib, U-21-in sıralarına cəlb edib.
Bəlkə də əksəriyyətin bundan xəbəri yoxdur. Abbasov təkcə məşqçi yox, həm də psixoloqdur. Futbolçularla harda, nə vaxt, hansı tərzdə danışmağı yaxşı bilir. Qarşısndakı ilə ona uyğun dildə danışır. Məşqlər zamanı əlləri cibində kənarda dayanıb baxmır. Onlarla birlikdə qaçır, futbol oynayır, məşq edir.
Gimaraynşda – Portuqaliya ilə Azərbaycanın U-21 millilərinin oyunundan əvvəlki məşqlərin birində şəxsən şahidi olduğum mənzərədən sonra “niyə məhz Ayxan Abbasov” sualı ətrafında çox düşünməyə ehtiyac qalmadı.
Aşağıda təqdim etdiyimiz görüntülərdə göy geyimli gənclərə qoşulub onlarla topla məşq edən qırmızı gödəkçəli şəxs məhz baş məşqçidir.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN