
Azərbaycanın Avropadakı qüruru bu gün Çempionlar Liqasında həlledici matça çıxacaq.
Bir həftə əvvəl səfərdə “Ferenetsvaroş”u 3:1 hesabı ilə məğlub edən “Qarabağ” bu rəqiblə cavab görüşündə üz-üzə gələcək.
Son bir həftədə rəqib düşərgədən verilən açıqlamalara diqqət yetirəndə, macarların qisas hissi ilə alışıb-yandığını görmək çətin deyil.
Dünənki mətbuat konfransında “Fradi”nin baş məşqçisi Robbi Kin “Liverpul”un geridönüş faktından söz açmaqla niyyətlərini bir daha ortaya qoymuş oldu.
Bəli, “Liverpul” səviyyəsində olan komandalar geridönüş etməyi yaxşı bacarır. Avropanın nəhəng klublarının ifasında dəfələrlə bu cür halların şahidi olmuşuq.
Lakin söhbət “Ferenetsvaroş”dan gedirsə, məşqçi və futbolçu heyətinin açıqlamaları xəyal olaraq qalana oxşayır.
Çünki vərəqlədiyimiz son 10 ildə klubun tarixində bu cür hal yalnız bir dəfə baş verib. Macarıstan təmsilçisi Budapeştdəki matçlarda dəfələrlə məğlub olduğu halda, səfər görüşlərində geridönüş etməyə gücü çatmayıb. Ya növbəti dəfə uduzub, ya da heç-heçəyə nail olub.
Macarlar üçün o xoş hadisə 2022/23 mövsümündə gerçəkləşib.
“Yaşıllar” Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşü çərçivəsində, iyulun 20-də doğma meydanında Bratislava “Slovan”ına boyun əyib – 1:2.
İyulun 27-də Bratislavada keçirilən cavab duelində “Ferenetsvaroş” rəqibini meydana çıxmağa peşman edərək (4:1) növbəti mərhələyə yüksəlib və “Qarabağ”a rəqib olub. Xatırlayırsınızsa, həmin vaxt Azərbaycan çempionu iki oyunun nəticəsinə görə macarları pley-offa buraxmamışdı – 1:1, 3:1.
Odur ki, “Ferentsvaroş”un düşərgəsindən verilən açıqlamarın ciddi sonluğu çətin, bəlkə də mümkünsüz görünür. Macarlar indiyə qədər ilk matçda uduzduğu rəqiblərinə cavab oyununda mərhələ adlamaq sevinci yaşadıbsa, çox güman, “Qarabağ” ı da eyni xoşbəxtlik gözləyir.
Yeri gəlmişkən, “köhlən atlar”ın rəqibi cari avrokubok mövsümündə yad meydanında uduzmayıb.
II mərhələdə Ermənistanda “Noah”ı 2:1 hesabı ilə məğlub edib, növbəti etapda Bolqarıstanda “Ludoqorets”lə qolsuz bərabərə qalıb.
Bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 20:45-də çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ