
"Qarabağ"la "Ferentsvaroş" komandaları arasında keçiriləcək oyunu idarə edəcək hakimin adı məlum olub.
Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu Fransadan olan hakimlər briqadasına tapşırılıb.
Matçı FİFA referisi Kleman Tyurpen idarə edəcək. Ona yan xətt hakimləri qismində Nikolya Danos və Aleksis Auqer köməklik göstərəcəklər.
Dördüncü hakim funksiyasını Romen Lissorq yerinə yetirəcək.
43 yaşlı referinin geniş tanıtmasına yəqin ki, gərək yoxdur. Dünya və Avropa futbolunu yaxından izləyənlər onu yaxşı tanıyır.
2010-cu ildən FİFA referisi statusunu daşıyan Tyurpen 2012-ci ildən ən yükək səviyyə sayılan – elit kateqoriyada yer almaqdadır.
2016-cı ildən bu yana keçirilən bütün dünya və Avropa çempionatlarının final mərhələsində oyun idarə edən ədalət təmsilçisi 2021-ci ildə Avropa Liqasının (“Vilyareal” – “Mançester Yunayted”), 2022-ci ildə isə Çempionlar Liqasının final görüşlərində (“Liverpul” – “Real Madrid”) fit çalıb. Bu il ABŞ-da təşkil olunan Klublararası dünya çempionatında da iş başında olub.
Zəngin təcrübəyə malik Klemen bu günə qədər Liqa-1-də 300-dən artıq oyunda qərar verən şəxs olub. Avrokuboklarda isə 100-dən çox matçı idarə etməsinə baxmayaraq, “Qarabağ”la yolu bir dəfə də olsun kəsişməyib.
Əvəzində, “Ferentsvaroş”u yaxşı tanıyır. 2023/24 mövsümündə Macarıstan təmsilçisi Konfrans Liqasının 1/16 final mərhələsinə yüksələndə, “Olimpiakos”la Budapeştdəki qarşılaşmanı məhz bu şəxs idarə edib.
“Ferentsvaroş”un iki futbolçusuna sarı vərəqə göstərib, qapısına penalti təyin edib, nəticədə yunanlar “Groupama Arena”da 1:0 hesablı qələbəni bayram edib.
Lakin bu, Klemenin azərbaycanlıları tanımaması anlamına gəlməməlidir. Çünki Azərbaycan yığmasını iş başında görüb.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 2017-ci ildə Belfastda Şimali İrlandiya ilə seçməmiz üz-üzə gəlib ki, oyunda yaşananlara fransız referi nəzarət edib.
Həmin vaxt başında Robert Prosineçkinin dayandığı millimiz irlandlara 0:4 hesabı ilə uduzub. Həmin görüşdə meydana çıxan “11-lik”dən bu gün heç kim “Qarabağ”da yoxdur.
Beləliklə, UEFA-nın Hakimlər Komitəsinin “Qarabağ” – “Ferentsvaroş” qarşılaşmasının ağırlığını nəzərə alaraq hazırda Avropanın ən üzdə olan simalarından birini Bakıya göndərməyi vacib bilib.
Son illərdə klub və milli miqyasındakı turnirlərdə Azərbaycana bu çəkidə referinin təşrif buyurduğunu xatırlamaq çətindir.
Ötən həftə Budapeştdə keçirilən dueldə “Qarabağ” rəqibini 3:1 hesabı ilə məğlub etmişdi.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab oyunu avqustun 27-si saat 20:45-də start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ