
Konfrans Liqasındakı iki təmsilçimizdən biri – “Sabah” pley-off mərhələsinə çox yaxındır.
Avqustun 7-də “Levski” ilə səfər matçında son dəqiqə qolu ilə uduzan “tələbələr” revanş arzusundadır.
Hədəfə çatmaq üçün Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv bolqarların qapısından azı 1 top keçirməlidir.
Lakin bir şey var ki, Bolqarıstanın “xalq komandası” səfərdə özünü evindəki kimi hiss edir. Yəni özgə meydan amilini hiss etdirmir.
“Levski”nin avrokuboklarda 2022-ci ildən bu yana səfər göstəricilərinə nəzər salanda, “Sabah”ın işinin asan olmayacağı üzə çıxır.
Rəqib kollektiv son 3 ildə Avropa və Konfrans Liqalarında yad meydanında 7 matça çıxıb.
PAOK (Yunanıstan) – Levski – 1:1
Hamrun Spartans (Malta) – Levski – 0:1
Şkupi (Şimali Makedoniya) – Levski – 0:2
Hapoel (Beer Sheva, İsrail) – Levski – 0:0
Ayntraxt (Frankfurt, Almaniya) – Levski – 2:0
Hapoel (Beer Sheva) – Levski – 1:1
Braqa (Portuqaliya) – Levski – 0:1 (əlavə vaxtda)
Bolqarıstan nəhəngi beynəlxalq arenalarda son 7 görüşün yalnız 1-də - Bundesliqa təmsilçisi “Ayntraxt”a uduzub. “Braqa”yla ötən aya təsadüf edən oyunun əsas vaxtı 0:0 başa çatıb. Portəgizlər əlavə vaxtda lazım olan qolu vuraraq “Levski”ni Avropa Liqasından “Konfrans”a göndərib.
Digər 5 dueldə “Sabah”ın rəqibinin aktivində 2 qələbə var. Yerdə qalan 3 matç heç-heçə başa çatıb.
Məlum məsələdir ki, “Levski”nin əsas məqsədi Bakıda qol buraxmamaq olacaq. Və onlar bunu yaxşı bacarır.
“Xalq komandası” cari avrokubok ilində meydana çıxdığı 5 oyunda öz qapısından cəmi 2 top buraxıb. Bu məqama da xüsusi diqqət yetirmək lazımdır.
Bu axşam “Bank Respublika Arena”da keçiriləcək cavab görüşü saat 20:00-da başlayacaq.
HƏBİB