
Azərbaycan futbolunda yeniliyə şahidlik edəcəyik.
“Qarabağ”dakı və milli komandadakı çıxışları ilə məşhurluq qazanan, hazırda “Araz-Naxçıvan”ın uğurlar üçün tər tökən Qara Qarayevin həyatı haqqında bioqrafik kitab yazılır.
Bu məsuliyyəti üzərinə TEAS Press Nəşriyyat Evinin rəhbəri Nicat İbrahimov üzərinə götürüb.
Səbəbkarla nəşriyyat evinin rəhbəri görüşərək bəzi məsələləri müzakirə etdikdən sonra tərəflər arasında əməkdaşlıq müzaviləsi imzalanıb.
Kitabın müəllifliyini Türkiyənin tanınmış yazarı Murat Aksoy öz üzərinə götürüb, əsərin çapının da Türkiyədə olması qərara alınıb.
Kitabda Qara Qarayevin peşəkar futbol karyerası ilə yanaşı, onun şəxsi düşüncələri, həyat fəlsəfəsi və milli futbolumuzdakı rolu da geniş şəkildə əks olunacaq.
Futbolun təbliği və gələcək nəsillərin maariflənməsi yönündə əla ideya, möhtəşəm layihədir.
Lakin yazarlığın Azərbaycandan yox, Türkiyədən olan birinə tapşırılması çox ciddi və düşünülməsi vacib suallara yol açır.
Türkiyəli həmkarımız Qaranın həyat yolundan bizdən artıq məlumatlara sahibdir?
Bu böyüklükdə Azərbaycanda çiyinlərini ağır yükün altına verəcək jurnalist-yazar yoxdur?
Ümumiyyətlə, bununla bağlı hansısa azərbaycanlıya təklif irəli sürülübmü?
Analoji hal Türkiyədə yaşansaydı, məsələn, Hakan Şükürlə bağlı bioqrafik kitabın yazarlığı Həbib Aslanova tapşırılsaydı, bu, qardaş ölkədəki həmkarlarımız və futbol ictimaiyyəti tərəfindən necə qarşılanardı?
Azərbaycanla Türkiyə arasındakı qardaşlıq əlaqələrinə kölgə salmaq fikrində deyiləm. Ortada “bir dövlət, iki millət” devizinin dünyaya səs salması ilə bağlı xoşagələn fakt var.
Azərbaycan bineyi-qədimdən öz şairləri, yazarları, qələm sahibləri ilə məşhurluq qazanmağa nail olubsa, deməli, futbolçu barədə kitab ərsəyə gətirməyin öhdəsindən gələcək kifayət qədər layiqli kadrlarımız var.
Qara Qarayevin həyat yolunu niyə Murat Aksoy canlandırmalıdır axı?
HƏBİB