Qurban Qurbanov təklif etdi, ona hansı reaksiya gəldi? - SORĞU

29 Mart 2023 20:00 Araşdırma 5 873
Qurban Qurbanov təklif etdi, ona hansı reaksiya gəldi? - SORĞU

Ötən həftə türk dünyası üçün önəmli hadisə baş tutdu.

Söhbət “Qarabağ” və “Qalatasaray” arasında Bakıda baş tutan yoxlama matçından gedir.

İstanbul nəhənginin 2:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanın nəticəsi ciddi önəm kəsb etmirdi.

Qardaşlıq matçı dünyaya verilən bir çox mesajlarla yadda qaldı. Gələcək üçün mühüm açıqlamalar verildi.

Maraqlı təkliflərdən biri də “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun dilindən eşitdik.

Təcrübəli mütəxəssis “Çox istəyərdim ki, Azərbaycan çempionatı ilə Türkiyə çempionatı birləşsin və milli liqa keçirilsin” – deyə təklif səsləndirməsi ilə yadda qaldı.

Maraqlıdır, Qurban müəllimin bu arzusu reallığa çevirilsə, Azərbaycan futboluna nə kimi faydası ola bilər?

Sualımıza cavab tapmaq üçün üz tutduq Premyer Liqanın digər təmsilçilərinin baş məşqçilərinə. “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov, “Sumqayıt”ın çalışdırcısı Samir Abasov və "Neftçi"nin sükanı arxasında olan Laurentsiu Regekampf Qurban Qurbanovun təklifinə reaksiya verməmək yolunu seçdilərsə, digərləri sorğumuza cavab olaraq bunları dedi:

Murad Musayev (“Sabah”): “Çempionatları birləşdirmək nə dərəcədə realdır və ümumiyyətlə, bunun mümkün olub-olmadığını bilmirəm. Lakin bir şey göz önündədir: çempionatın səviyyəsi nə qədər yüksək olarsa, sürət də bir o qədər yüksək, komandanın ümümi səviyyəsi nə qədər yüksək olarsa, azərbaycanlı oyunçuların səviyyəsi də bir o qədər yüksək olar. Komanda avrokuboklarda nə qədər uğurlu çıxış etsə, milli komanda üçün bir o qədər yaxşı olar. Əla ideyadır, lakin bunu həyata keçirmək çox çətin olacaq. Şəxsən mən böyük məmnuniyyətlə bunda iştirak etmək istərdim”.

Rəşad Sadıqov (“Zirə”): “Maraqlı təklifdir. Müzakirə olunmağı yaxşı olardı. Müsbət dəyərləndirirəm. Bundan başqa mən həmçinin tərəfədarıyam ki, Türkiyə Super Liqasında və 1-ci liqasında bizim futbolçular, məşqçilər legioner hesab edilməsin. Ən pis halda Türkiyə 1-ci liqasında da olsa bizim futbolçular və məşqçilər legioner hesab olunmasa daha yaxşı olar. Çünki biz iki qardaş ölkəyik. Çempionatların birləşməsi çətin görünür, amma qeyd etdiyim daha realdı. Bu, həm də azərbaycanlı futbolçuların, məşqçilərin yetişib, inkişaf etməsi üçün böyük təkan ola bilər”.

Elmar Baxşıyev (“Qəbələ”): “Qurban müəllimin təklifinə münasibətim normaldır. Öz istəyini, fikrini səsləndirib. Türkiyə klubları ilə görüşləri turnir şəkilində də daim təşkil etmək mümkündür. Belə oyunlar da azarkeşlərin öz klublarına marağını artıracaq. Bundan başqa daha çox öz Premyer Liqamızda futbolun böyük şəhərlərə qayıtmağını istərdim. Çempionatda komanda sayının artması ümumi marağın da artacağına yönələcək”.

Ayxan Abbasov (“Turan Tovuz”): “İlk öncə çox istəyərəm ki, çempionatımızın səviyyəsi Türkiyə çempionatının səviyyəsinə çatsın. Əlbəttə, buna uzun illər lazımdır. Bu gün Türkiyə çempionatı klubların sayı, maliyyə vəziyyəti, şərait, azarkeş sayı baxımından çox üstündülər. Bəlkə də onların çempionatını gözəlləşdirən elə dolu tribunlar və gözəl stadionlardı. Milyonluq futbolçuların çempionata rəng qatmasını da unutmaq olmaz. Düzdü, bəzi klublarında bahalı futbolçuların, məşhur əcnəbi mütəxəssislərin stabil olmamaları avrokuboklarda uğursuzluq yaşamalarına gətirib çıxarır. Amma bizdə "Qarabağ" kimi nümunə var. Ki, neçə illərdi avrokuboklarda ən çətin rəqiblərə qarşı yaxşı oynaması, parlaq nəticələr göstərməsi komandamızın üstünlüyüdür. Amma "Qarabağ" yaxşı oyunçular gətirməkdə çətinlik çəkdiyi halda Türkiyə çempionatında bunu etmək çox asandır. Bu da ölkənin böyük olmasından, tarixindən irəli gəlir. Biz hələ inkişaf yolundayıq. Açığı, iki qardaş ölkənin çempionatının birləşməsi real görsənmir. Amma bizim futbolçuların orada legioner statusundan azad olması, onların burada rahat çıxış etməsinə nail olmaq daha yaxşı olardı. Başqa əməkdaşlıqlar haqqında da müzakirələr aparmaq olar. Məsələn, qış fasiləsində bütün klublarımız Türkiyədə toplanışda olur. Orada digər türk dövlətlərinin təmsilçiləri ilə hansısa turnirləri keçirmək olar. Bu kimi addımlar atılsa gələcəkdə inkişaf baxımından çox yaxşı olardı”.

Cavid Hüseynov (“Şamaxı”): “Qurban müəllimin fikirləri ilə tanışam. Əlbəttə, əgər belə bir şey baş verərsə, ilk Öncə bizim komandalarımız üçün əla şans yaranmış olacaq. İstər komandalarımızın daha surətli inkişafı üçün, istərsə də Futbolçularımızın inkişafı üçün”.

Şahin Diniyev (“Səbail”): “Yəqin ki, Qurban Qurbanov bu sözləri deyəndə qarşılaşmanın emosiyaları altında olub. İki qardaş ölkənin birliyinin atmosferi altına bu sözləri deyib. Bu sadəcə arzudur, istəkdir. Bu birtərəfə. Bu məsələnin ikinci tərəfi də var - hüquqi tərəfi. Bu cəhətdən də mümkünsüz olan bir şeydir. Biz deyirik ki, “iki dövlət, bir millətik”. Ancaq bir dövlət deyilik. İki fərqli dövlətik. Bu Azərbaycan klublarının inkişafı cəhətdən problem olar. Bir-iki klubumuz Türkiyə çempionatında oynaya bilər. Bu zaman da onların avrokuboklarda oynamaq şansı azalır. Hüquqi cəhətdən baxdıqda UEFA da bunu heç cür qəbul edə bilməz ki, iki dövlət birləşib bir liqa keçirsin. Yaxın keçmişdə də biz bunun şahidi olduq. İspaniya, İtaliya və İngiltərənin klubları Superliqa təşkil etmək istədilər. Lakin UEFA bunu çox sərt qarşıladı. Biz isə UEFA bayrağı altında, UEFA-nın təşkil etdiyi yarışlarda çıxış edən çempionatıq. Təbii ki, biz Türkiyə klubları ilə dostuq, qardaşıq. Amma dövlət kimi ayrı-ayrı dövlətlərik və hər dövlətin öz liqası var. Ola bilər ki, türk xalqalarının öz aralarında yoldaşlıq turniri keçirilsin. Bu zaman orda oynamaq mümkündü. Çünki yoldaşlıq, dostluq xarakterli turnirdir”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"