DE, gənclərə niyə qənim kəsilmisən, BYAZİ?

29 Mart 2023 21:20 Araşdırma 927
DE, gənclərə niyə qənim kəsilmisən, BYAZİ?

Futbol ictimaiyyətinin ortaq fikirlərindən biri də odur ki, əgər milli komanda hər oyun uduzursa, elə onda meydan verilsin bütünlüklə gənclərə. Ki, bəlkə onlar 2-3 il sonra daha sanballı milli formalaşdıra bilərlər. Əslində məntiqli fikirdir. Həqiqətən də gələn-gedən qapımızdan 4-5 qol keçirəcəksə təcrübəli futbolçular, yaşlı simalara nəyə lazımdır? Hələ milliləşdirilən qocaları demirəm.

Yaxşı gənclər də yetəri qədər varımızdır. Amma Canni De Byazi sanki onlara qənim kəsilib.

İnkişaflarına yol açmağı bir cəhənnəm, hələ önlərinə "daş" qoymaqla məşğuldur. Necə?

Bir-bir sadalayaq...

Başlayaq qapıdan. Avstriya önünə Yusif İmanovla çıxanda sevinmişdik. Premyer Liqada yüksək performans göstərən 20 yaşlı qolkiperin daha da böyüməsi üçün lazımlı addım idi. Amma lazımlı addım İsveçlə oyunda yarımçıq addım olduğu anlaşıldı. Bu dəfə İmanova ehtiyat skamiyada yer tapıldı. Təbii ki, belə yanaşma bir gəncin sındırılmasından başqa ad qazana bilməz. Ya oynatmazdın, ya da oynatmışdınsa davamını gətirərdin.

Bu gün ölkədə 3 yaxşı sağ cinah oyunçusu varsa, onlardan birinin Amin Seydiyev olduğunu əminliklə iddia etmək olar. Ancaq 24 yaşlı futbolçuya heç ilk "23-lük"də yer tapılmamışdı.

30 yaşlı Höccət Haqverdinin cinah müdafiəçisi mövqeyi ilə əlaqəsi olmadığı halda daha çox meydandas qalır, amma sol cinahın ən yaxşısı olan 22 yaşlı Elvin Cəfərquliyev hər iki görüşdə də erkən əvəzlənib.

22 yaşlı digər sol cinah müdafiəçisi (bəzən yarımmüdafiəçisi) Toral Bayramov sağ cinah vingeri kimi oynadılır.

Premyer Liqada 24 görüşdü mərkəz müdafiəçisi kimi çıxış edən 20 yaşlı Cəlal Hüseynov İsveçdə sağ cinah müdafiəçisi kimi lazım oldu.

20 yaşlı Musa Qurbanlı bu gün ölkənin parlayan ulduzudur. 24 Premeyer Liqa görüşündə 20 qol, 4 assitlə yadda qalıb. Milli komandanın son oyununda meydanda olduğu ilk 90 dəqiqəsində də qol hesabını açmağı bacarmışdı. Lakin italiyalı mütəxəssis yuxusunda nə gördüsə Qurbanlıya 2 matçda cəmi 8 dəqiqə şans tanıdı. Maraqlıdır, təcrübəli mütəxəssisi ölkəmizə ondan yana gətiriblər ki, parlayan 3-5 gəncimizi də "qundaq"da boğsun? Birinə dəvət göndərmir, digərinə yetəri şans tanımır, bir başqasın da mövqeyində oynatmır. Onun nə vecinə axı. Müqaviləsinin sonuna 3-5 ay qalıb. Bitəndə çemodanın doldurub gedəcək, olan isə bizim həmin gənclərə olur.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti