Həvəsin altında dayanan böyük məna

27 Mart 2023 21:00 Araşdırma 697
Həvəsin altında dayanan böyük məna

“Qalatasaray”la “Qarabağ” arasındakı qardaşlıq oyunu kimlər üçünsə illərdir fanatına çevrildiyi komandanı yaxından görmək həvəsi idisə, əslində, 90 dəqiqənin altında böyük məna dayanmışdı.

Bu, iki qardaş ölkənin dildə yox, əməldəki qardaşlığının sübutu idi. Bu, iki qardaşın xoş və pis gündə bir-birinin yanında olmasının göstəricisi idi. Bu, Türkiyə-Azərbaycan qardaşlığının nə demək olduğunun dünyaya nümayişi idi.

Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən əziyyət çəkənlərə maddi dəstəyin göstərilməsi naminə təşkil olunmuş oyun hər iki ölkəyə səs saldı. Martın 26-sını tarixi hadisə kimi yadda saxlayanlar 5-10, hətta 50-100 manatından keçib stadiondakı yerini tutmuşdu. Məqsəd iki komandanın mübarizəsinə şahidlik etmək, niyyət zəlzələdən əziyyət çəkənlərə yardım etmək idi.

Missiya uğurla tamamlandı. Dünyada milyonların sevgisini qazanan “Qalatasaray” Bakıya gəldi, sevgi ilə qarşılandı və eyni gözəllikdə Azərbaycanı tərk etdi. Qonaqpərvər, eyni zamanda təşkilatçılıq baxımından bacarıqlı ölkə olduğumuzu növbəti dəfə sübut etməyi bacardıq.

Bitməyən İkardi sevgisi ilə Zubir şousuna tamaşa etmək üçün cənab Prezident İlham Əliyevlə birinci vitse-prezident Mehriban Əliyeva da Bakı Olimpiya Stadionuna təşrif buyurmuşdu.

İdmana və futbola xüsusi qayğısı ilə ad çıxaran ölkə başçısı qarşılaşmanı böyük həvəslə izlədi, “Qarabağ”ın qolunu sevinclə qarşıladı, “Qalatasaray”ın vurduğu topu alqışladı. Bunun özü də qardaşlıq adına böyük hadisə kimi yadda qaldı.

Azərbaycanlı futbolsevərlərin illərdir həsrətində olduğu “Qalatsaray” – “Qarabağ” görüşü nəhayət ki, baş tutdu. Ən qısa zamanda növbəti görüşün Türkiyədə təşkil olunacağına şübhə etməyə dəyməz. İkinci Qarabağ müharibəsindən möhkəmlənən qardaşlıq bağları artıq sökülməsi mümkünsüz betona dönüb. Bu cür davam etməklə dünya nəhənglərini türklərdən çəkinməyə, yeri gələndə qorxmağa məcbur edəcəyik.

Allah Qarabağ müharibəsində və Türkiyə zəlzələsində dünyasını dəyişən bacı və qardaşlarımıza rəhmət eləsin!

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı