BOS ajiotajlı oyunu qəbul etməyə nə dərəcədə hazırdır?

18 Mart 2023 20:40 Araşdırma 440
BOS ajiotajlı oyunu qəbul etməyə nə dərəcədə hazırdır?

“Stadionda sonuncu oyun təxminən ilyarım əvvəl baş tutmuşdu.

Xatırlayırsız yəqin, Azərbaycanla Qətər qarşılaşmışdı. Uzun fasilədən sonra belə bir ajiotajlı oyun yerinə düşdü”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Bakı Olimpiya Stadionunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Fərid Əsədov deyib.

Martın 26-da Azərbaycanla Türkiyənin sevilən komandaları – “Qarabağ”la “Qalatasaray” yoldaşlıq-qardaşlıq matçında üz-üzə gələcək.

İndiki məqamda sual doğuran məqam ölkənin bir nömrəli idman arenasının məlum qarşılaşmaya nə dərəcədə hazır olmasıdır.

Fərid bəy BOS-un hazırkı durumu haqda ağızdolusu danışıb:

“Stadiondakı avadanlıqlar mütəmadi yoxlanılır, lazım olan testlər verilir, nasazlıqlar aradan qaldırılır. Oyun oldu, ya olmadı – fərq etmir.

Hazırda bütün texniki sazlama işlərinə start verilib. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, matç gününə qədər heç bir nöqsan olmasın.

Bilet satışından da hiss olunur ki, stadion tam dolacaq. Bəlkə də BOS tarixinin ən çox azarkeş gələn oyunu olacaq. Ən çox azarkeş 2017-ci ildə “Qarabağ” – “Roma” qarşılaşmasında qeydə alınmışdı – 67200. Bu dəfə rekordun qeydə alınacağı inandırıcı görünür.

Lakin bu fakt bizi qorxutmur. Dediyim kimi, lazım olan tədbirləri görürük və görəcəyik”.

Yoldaşlıq-qardaşlıq oyunu martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Görüşdən əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti