“Ondan sonra ya müqavilə bağlayacağıq, ya da…”

4 Fevral 2023 16:40 Araşdırma 607
“Ondan sonra ya müqavilə bağlayacağıq, ya da…”

Bir müddət öncə Azərbaycan Premyer Liqasının İnternet üzərindən yayımına müəyyən məhdudiyyətlər tətbiq olundu.

Test məqsədilə XVIII turun bütün oyunlarının internet üzərindən yayımı yalnız “insports.tv” saytı və tətbiqində həyata keçirildi.

Bu üzdən Premyer Liqanın görüşlərini daha öncəki kimi “yutub” platformasında izləmək mümkün oldu.

Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev həmin vaxt mediaya açıqlamasında bildirmişdi ki, “Insports.tv” beynəlxalq şirkətdir və onun tətbiqində matçları izləmək üçün hər hansı ödəniş tələb edilmir:

"Yalnız qeydiyyatdan keçməklə matçları rahat izləmək mümkündür. Hələlik bu addım yalnız sınaq məqsədilə atılıb.

Əgər sınaq uğurlu olarsa, gələcəkdə Premyer Liqa və birinci divizion matçlarının İnternet üzərindən satılması məsələsi gündəmə gələ bilər".

A.Şahgəldiyev deyib ki, “Insports.tv” özü də idman dünyası kiçik platforma sayılmır:

"Ən əsası burada da hər şey ödənişsizdir. Bir daha vurğulayıram ki, hələlik hər şey sınaq mərhələsindədir.

Ötən tur birinci divizionun bəzi oyunları “Insports.tv” yayımlanıb. Hər şeyi təbii ki, zaman göstərəcək. Amma bu əməkdaşlığın uğurlu olacağına inanırıq".

Hələ ötən ilin dekabrında narahatlıq var idi ki, Premyer Liqa matçlarının yayımının böyük platforma sayılan “yutub”dan Insports.tv-a keçidi nə dərəcədə uğurlu ola bilər?

Bu, onsuz da, böyük tamaşaçı kütləsi olmayan Azərbaycan Premyer Liqasına marağın azalmasına gətirib çıxarmazmı?

İndi isə PFL təkrar “yutub”a dönüb. Çempionat qarşılaşmaları əvvəlkitək adıçəkilən platforma üzərindən yayımlanır.

Peşəkar Futbol Liqasının Mətbuat və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayev Sportinfo.az-a bildirib ki, internet yayımı ilə əlaqədar hələlik “Insports.tv” ilə müqavilə bağlanmayıb.

“Ötən həftə “İnsports”a sonuncu test ötürüşü idi. Bu həftə qəti cavab verməlidirlər.

Ondan sonra ya müqavilə bağlayacağıq, ya da əvvəlki kimi “yutub” səhifəmizdə yayımlara davam edəcəyik. Bizim tərəfdən hər şey qaydasındadır.

Onların istədikləri bütün detalları icra etmişik. Etiraf etdilər ki, bu cür operativliyi gözləmirdilər. Artıq son qərar onlara qalıb”.

Digər Xəbərlər
Xəbər Lenti