Şeydayev, Mahmudov, Alimi... BİLİRDİNİZMİ?

2 Dekabr 2022 09:40 Araşdırma 1 800
Şeydayev, Mahmudov, Alimi... BİLİRDİNİZMİ?

Azərbaycan Premyer Liqasının bombardirlər cədvəlində gərgin mübarizəyə şahidlik etməkdəyik.

“Qarabağ”lılar – Ramil Şeydayevlə Musa Qurbanlı 11 qolla ən məhsuldar futbolçuların siyahısına başçılıq edir.

“Səbail”lə qarşılaşmada karyerasının ilk het-triki sayəsində qollarının sayını 9-a çatdıran Emin Mahmudov “Qarabağ”lıları qarabaqara izləyir. “Sabah”dan Coy-Lens Mikelsin 7, “Qəbələ”dən İsnik Aliminin aktivində 6 top var.

Adları çəkilənlərdən Ramil, Emin və İsnikin ortaq cəhəti və məhsuldarlığının əsas üstünlüyü ştatlı penaltivuran olmalarıdır. “Qarabağ”da Şeydayev, “Neftçi”də Mahmudov, “Qəbələ”də Alimi penalti işinə baxır.

Ramil 11 qolun 6-sını 11 metrlik cərimə zərbəsindən vurub. Və ən maraqlısı, bütün hallarda ev oyunlarında fərqlənib.

“Səbail”, “Sabah”, “Turan Tovuz” və “Kəpəz”lə görüşlərin hərəsində “nöqtə”yə 2 dəfə yaxınlaşıbsa, “Sumqayıt”la matçda 2 penaltini dəqiq yerinə yetirib.

“Ağ-qaralar”ın “vuran ayağı”na çevrilən Mahmudov isə 9 qolun 4-də cərimə meydançasındakı qayda pozuntusundan sonra fərqlənib.

O da bütün hallarda “Bakcell Arena”dakı qarşılaşmalarda komandasını sevindirib. Penaltidən “Sumqayıt”la “Sabah”ın hərəsinə 1, “Səbail”in qapısına 1 oyunda 2 qol vurub.

İsnik həm komandasının penalti kralı, həm də ən məhsuldar oyunçusudur. Makedoniyalı yarımmüdafiəçi aktivindəki 6 qolun 5-də penaltilərə “təşəkkür etməlidir”.

“5 nömrə”ni Mahmudovla Şeydayevdən fərqləndirən bilirsiniz nədir?

O, 11 metrlik cərimə zərbələrin hamısını səfər oyunlarında vurub. “Turan Tovuz”, “Zirə”, “Səbail”, “Sabah” və “Sumqayıt”la görüşlərdə penalti nöqtəsinə yaxınlaşan Alimi bütün hallarda dəqiq oynayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti