Azərbaycanda danışılmış oyunlarla bağlı şifrəli açıqlama: “Məlumatlar alırıq ki...”

1 Dekabr 2022 02:30 Araşdırma 345
Azərbaycanda danışılmış oyunlarla bağlı şifrəli açıqlama: “Məlumatlar alırıq ki...”

Danışılmış oyunlar təəssüfləndirici olsa da, artıq idmanın, xüsusən də futbolun bir hissəsinə çevrilib.

Təbii ki, bu idman növünün bəlası kimi. Milyonların sevimli idman növü olan futbola zərər verən belə manipulyasiya heç şübhəsiz insanları ondan iyrəndirməkdən başqa bir işə yaramır.

Üstəlik, idmanda sağlam rəqabət prinsipini də yerlə-yeksan edir. Buna rəğmən, dünyada danışılmış oyunlarla, başqa sözlə desək, bu cinayətlə mübarizə aparan qurumlar, insanlar mövcuddur.

Hansı ki, digər insanlar arasında təbliğat aparır, onları, əsasən də futbolçuları, idmançıları, idmana bağlı olan şəxsləri bu iyrənc "rəqabət”dən uzaqlaşdırmaq yolunda maarifləndirici işlər görür.

Sözügedən "virusu” futboldan tamamilə təmizləmək çətin olsa da, ən azı minimuma endirmək uğrunda mübarizə aparan insanlardan biri də UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimlidir.

Bir neçə ildir Azərbaycanda fəaliyyət göstərən mütəxəssis tez-tez təşkil olunan seminarlarda maarifləndirmə işləri aparır, klubları, futbolçuları belə iyrəncliklərdən uzaqlaşdırmağa çalışır.

Sportinfo.az xəbər verir ki, Səlimli görülən işlərin nəticələri, Azərbaycanda danışılmış oyunlar və sair məsələlər haqqında qaynarinfo-ya müsahibə verib.

- Artıq bir neçə ildir Azərbaycanda fəaliyyət göstərirsiniz. Həm çətin, həm maraqlı, həm də idmanda sağlam rəqabət üçün vacib olan bir vəzifəniz var - danışılmış oyunlarla bağlı maarifləndifmə aparırsınız. Apardığınız proseslərin, mübarizələrin nəticələri ilə bağlı qənaətləriniz necədir?

- Danışılmış oyun və manipulyasiya… Bilirsiniz ki, çox qəliz mövzudur və bu gün idmanın hər sahəsini ağuşuna alıb, həmçinin də futbolu. Öncəki illərdə hər kəs, problemlər haqqında məlumatlandırıldı. Mübarizənin nəticələri bəhrəsini verdi. Deməzdim ki, bu iş bitib. Bitsəydi, hazırda sizinlə danışmazdıq. Belə sloqan da var - "Bu bitməz bir işdir”. Əfsuslar olsun ki, bitməz işdir. Nə qədər ki, idman var və populyarlıq çərçivəsindən çıxıb, mərc edənlərin, kriminal ünsürlərin nəzərindədir, onlara da təsirini göstərir. Biz də onlara qarşı sözsüz ki, mübarizə aparacağıq. Bu, hər yerdə olduğu kimi bizdə də var idi. Bu gün AFFA-nın, qurumun tərkibindəki komissiyanın, həmçinin hüquq-mühafizə orqanlarının dəstəyi nəticəsində manipulyasiyalar minimuma enib. Bəli, hazırda ictimaiyyətdə, mətbuatda müəyyən oyunlar barəsində söz-söhbətlər gedir. Bunlar hələlik sözdən ibarətdir. Sezdiyimiz odur ki, maksimum şəkildə qarşısını ala bilmişik. Onlar kriminal üzvlərdir və gördükləri işləri sığortalayırlar. Nəticə etibarilə bu gün bizdə danışılmış oyunlar haqqında nə UEFA-dan, nə də digər rəsmi qurumlardan siqnal var. İzlədiyimiz odur ki, oyunlarımız, maksimum dərəcədə futbolun ruhunda keçirilir. Bəzi böyük hesablar sonradan söz-söhbət mövzusu olur, ancaq elə belə də qalır. Danışmağa "material” var, amma bu, sadəcə bir sözdür.

- Keçirdiyiniz seminarlara maraq böyükdür?

- Seminarlarımızı davam etdirəcəyik. Bəli, maraq var, kifayət qədər böyükdür. Daha irəli gedərək seminarların sayını artırırıq, auditoriyanı genişləndiririk. Əsasən peşəkar komandalara seminar keçiririk. Siz əlaqə saxlamamışdan əvvəl qatıldığım iclas bu mövzuya həsr olunmuşdu. Klublara əyani vəsaitlər, materiallar paylayırıq. Özümüzün də dəstəyimiz hər zaman yerindədir. Klublar da öz töhfələrini verməlidirlər. Gənc komandaları əhatə etməklə, il ərzində ən azı bir dəfə təqdimat, seminar keçirməlidirlər. Söhbət elit komandalarla yanaşı, klubların nəzdindəki U-15, U-16, U-17 və Gənclər Liqasında iştirak edən qruplardan gedir. İclaslardan sonra quru sözlər deyil, interaktiv olmaq üçün beynəlxalq turnirlərdən, daxili çempionatlardan nümunələr göstəririk. Sözsüz ki, bunlar təhlil olunmuş materiallardır. Auditoriyaya bu hallarla rastlaşanda özlərini necə aparmalı olduğunu haqda geniş məlumat verirk. Həm üz ifadələrindən, həm yerindəcə geridönüşlərdən bunun çox maraqlı olduğu haqda məlumatlar götürürük və mütəmadi şəkildə belə görüşlərin keçirilməsi üçün dəvətlər alırıq. Hətta bəzi klublar buna tam hazır olduğunu və komandaları üçün seminarlar keçməyimizi istəyir.

- Danışılmış oyunları aşkarlamaq heç də asan olmayan prosesdir. Maraqlıdır belə halları əsasən hansı üsullarla müəyyənləşdirirsiniz?

- Vurğuladığınız kimi, danışılmış oyunları müəyyən etmək çox çətindir. Oyunlarda monitorinq aparırıq. Burda hər bir kəsin köməyi çox vacibdir. Mediadan tutmuş, futbolla maraqlanan sadə vətəndaşa qədər, hər kəsin sözü, məlumatı bizim üçün önəmlidir. Məlumat daxil olursa, araşdırılır. Sosial şəbəkələr də sözsüz ki, bizə dəstəkdir. Oradakı məlumatlara da baxılır. Mətbuatın müraciətinə nəzər salınır. Komitəmiz tərəfindən oyunların monitorinqi birmənalıdır. Beynəlxalq kömək, UEFA-nın əməkdaşlıq etdiyi interpol, "Sportradar” şirkəti, bizim - böyük təşəkkürlər olsun - güc strukturlarımızın da dəstəyi var. Hamısı birlikdə kompleks işdir. Oyunlara nəzarət edilir, məlumatlar diqqətə alınır və araşdırılır. Oturub siqnal gözləmirik, özümüz də oyunlara gedirik.

- Azərbaycanda keçirilən bütün oyunlara müşahidə üçün nümayəndə göndərirsiniz, yoxsa bu, anonim zənglərdən asılıdır?

- Müşahidə edirik. Anonim zəng olacaqsa, çox gözəl. Bu bizə dəstəkdir. Amma məlumat gözləmirik, özümüz müşahidələr aparırıq. Klubların tərkibində də nümayəndələrimiz var. Komissiyamız da hər bir oyunu nəzarətdə saxlayır.

- Kəşfiyyat məsələləri üzrə mütəxəssisləriniz hamısı yerli vətəndaşlardır, yoxsa əcnəbilərin xidmətindən də yararlanırsınız?

- Qarışıqdır.

- Həmin mütəxəssisləri təlimə göndərirsinizmi? Onlar üçün xüsusi kurslar təşkil olunur?

- Kəşfiyyat yox, daha çox oyunların nəzarət edilməsi, araşdırılması və bu tipli görüşlər keçiririk. Oyunlarda baş verə biləcək hallar, sonrakı addımlarla bağlı klublar daxilində maarifləndirici işlər görürük.

- Danışılmış oyunlarla bağlı UEFA-nın təşkil etdiyi kurslar olur?

- UEFA-nın təşkil etdiyi kurslar limitli olur. AFFA güc strukturlarına sözsüz ki, dəvətlər göndərir. Yəqin ki, zaman-zaman məlumat da verildiyini görmüsünüz, mən hansısa akademiyanın kursunda, yaxud seminarda iştirak edirəm. Bu, UEFA-nın dəvəti ilə olur. UEFA kimlərin ölkəni təmsil etməli olduğunu müəyyənləşdirir və dəvət göndərir.

- Əsasən hansı yarışlara nəzarət edirsiniz?

- Ümumi məlumat olaraq deyim ki, ələləxsus Premyer Liqa və Birinci Diviziona nəzarət edirik. Digər yrışlarda isə maarifləndirmə işləri aparılır. Çünki elit sayılan yarışlar komandaların üzvlərini maarifləndirməyimizə imkan verir. Onlar elit komandadadırlarsa, deməli, peşəkar yönümlüdürlər. Artıq bununla bağlı işlər başlayıb. U-19 və U-17 komandaların üzvləri milliyə namizəddirlər, həmçinin peşəkar liqalarda oynayırlar. Onlar da nəzarətdədir.

- Ölkəmizdə ən çox hansı futbol yarışları ilə bağlı anonim zənglər gəlir?

- Əsasən peşəkar liqalardan. Onu da deyim ki, əvvəllər daha çox idi. İndi də var, ancaq azdır.

- Azərbaycan Premyer Liqasında və Birinci Divizionda durum necədir? Hansı illər aralığında danışılmış oyunlara meyillilik müşahidə olunub və daha çox anonim zənglər edilib?

- Bu işlə artıq 4 ildir məşğulam. Əsasən 2018/2019 və 2019/2020 mövsümlərində daha çox müraciətlər oldu. Sonrakı illərdə müşahidələrimiz göstərdi ki, danışılmış oyunlar azalıb, sıfra enib. Bu üzdən anonim zənglər də kəsilib. Məsələn, keçən il belə hallar müşahidə etməmişik. Yarışlar tam keçirildi və siqnallar almırdıq. Bu il bir balaca "cücərtilər” var. Peşəkar liqalardan anonim məlumatlar alırıq. Lakin konkret nəsə demək olmaz, hələlik nəzarətdə saxlayırıq. Nədənsə nəticə çıxarmağımız sonrakı mövzudur. Müraciət daxil ola bilər, ancaq hər şey tutuşdurulduqdan, bütün məlumatlar üst-üstə düşdükdən sonra nəyisə demək olar. Mən də hansısa oyuna baxıb danışılmış olduğunu deyə bilərəm. Ancaq bu, subyektiv fikirdir.

- Qeyd etdiyiniz mövsümlərdə hansı çempionatlardan şübhələriniz vardı?

- Bəllidir ki, Birinci Divizion. Hamı bildi ki, söhbət nədən gedir. Ad çəkməyəcəyəm, xahiş edirəm, bu barədə sual verməyin. Özünüz də bilirsiniz ki, hansı oyunlar mövzu ola bilər. Nəticə etibarilə kimlərin cəzalandırıldığı AFFA tərəfindən açıq-aydın ictimailəşdirildi.

- Bukmeker kontorlarının fəaliyyəti futbolumuza hər hansı şəkildə təsir göstərir?

- Danışılmış oyun, manipulyasiya təkcə bukmeker mövzusu deyil. Burada həmçinin hansısa mərhələyə keçmək, yaxud aşağı liqaya düşməmək üçün komandaların bir-birilərinin xeyrinə oyunun öncədən manipulyasiya edilməsi də danışılmış oyun sayılır. Yəni bukmeker məsələsi deyil. Yaxud hansısa komandanın ilk "üçlüy”ə düşməməsi, autsayder olmaması və ya birinin digərini sırf sıradan çıxarmaq üçün qarşılaşdığı rəqibə üstünlük, xal verməsi də manipulyasiyadır, cinayət tərkibi var. Futbol baxımından cəzalandırmalı əməldir. Bukmekerə gəlincə, leqal olması ilə yanaşı danışılmalara birbaşa təsiri var. Maddi gəlir əldə etmək üçün insanlar bukmekerə üz tuturlar. Danışılmanın sonda qazanc edilmə yolları ələləxsus bukmekerlər vasitəsilə həyata keçirilir.

- Bukmekerlər komandalarımıza təsir edə bilir?

- Buna komandaların bukmekerdən istifadəsi deyərdim. Tutaq ki, bukmeker var, sən niyə cinayət etməlisən? Sən orada pul qoyuluşu edə bilərsən. Oyunun nəticəsinə təsir etmək isə artıq daxili işindir. Buna razılaşırsansa, deməli, birmənalı şəkildə hər şeylə razılaşan insansan. Bukmekerdən, yaxud "qara bazardan” qazanacaqsan. Bu tipli insanlar var. Onlar bukmekerlər vasitəsilə qazanc edirlər.

- Bəs bu prosesə nəzarət edə bilirsiniz?

- Bəli, sözsüz ki, bununla əlaqəli araşdırmalarımızı aparırıq.

- Hansı komandaların bukmekerə müraciəti ilə bağlı məlumatlar olur sizdə, yəqin ki…

- Bu, birbaşa sualdır. Bizdə hansısa komandaların bukmekerə müraciəti haqqında məlumat yoxdur. Ümumiyyətlə, detalları bilmək istəyirsinizsə, bu formada dünyada bukmekrlərə müraciət olunmur. Komanda bukmekerə müraciət etməz. Bu, kriminal əməldirsə, artıq üçüncü şəxslər vasitəsilə həyata keçirilir. Komanda birbaşa müraciət etmir.

- Bunları üzə çıxara bilirsiniz?

- Bu, artıq birbaşa hüquq-mühafizə orqanlarının işidir. Biz də onlarla sıx əməkdaşlıq edirik. Məlumat mübadiləsi aparırıq. Bukmeker kontorunun hansısa formada müdaxiləsi varsa, o da araşdırılır. Sonda pul qazancı yenə də bukmeker üzərindən gedir. Oyun turnir cədvəli deyil, sırf qazanc məqsədilə manipulyasiya edilibsə, bunlar bukmeker vasitəsilə həyata keçirilir.

- Ölkə çempionatına bukmeker kontorunun sponsorluq etməsinə münasibətiniz necədir?

- Olar, bu suala cavab verməyim?

- Yəni, bu, sizdə hər hansı narahatlıq yaratmır?

- Danışılmış oyunlarla əlaqəli suallara cavab verə bilərəm. Amma bu bir növ mənim sferama aid deyil deyə, sualı cavablandırmaq istəməzdim.

- Sadəcə, bunun yaxşı və ya pis hal olduğunu sizdən eşitmək istəyirdik…

- Ümumiyyətlə, futbol funksioneri olaraq bukmekerlərdə pul qoyuluşu etmək birbaşa qadağandır. UEFA-nın, AFFA-nın da tələbi var. Klub və ya federasiya əməkdaşı olması fərq etmir. İstənilən halda qadağandır, mövqeyim budur.

- UEFA-nın rəsmi nümayəndəsisiniz və yəqin ki, müəyyən bilgilərə sahibsiniz. Danışılmış oyunlarla bağlı Avropada durum necədir? Ən çox hansı ölkələrdə buna meyil olunur?

- Sizin kimi mən də mətbuatdan izlədiyim qədərilə bilirəm. Başqa bilgilərim yoxdur. Çünki bu konfidensiallıqdır. UEFA durub hansısa ölkədə yaşanan problemləri, başqa ölkələrin qarşısında açıqlamır. Bu nə etik nə də peşəkarlıq cəhətdən doğrudur. Ona görə də biz də sizin kimi mətbuatdan bilgilər alırıq.

- Ümumiyyətlə, bu, "danışılmış oyunlar” məsələsini futboldan, idmandan tamamilə yığışdırmaq mümkündür?

- Cinayətkarlıq olduqca, düşünürəm ki, bununla ancaq mübarizə aparmaq, maksimum zəiflətmək mümkündür. İnsan, bəşəriyyət varsa cinayətkarlıq da olacaq. Sadəcə, mənəvi, etik tərəflərini, peşəkarlığa zidd olduğunu qabartmaq və sözsüz ki, cəzaların tətbiq edilməsi ilə bunu azaltmaq olar. Ancaq tam sıfırlanacağını düşünmürəm. Səmimi deyirəm. Maksimum şəkildə sıfırlamalar mümkündür. Adın çəkmək istəməzdim, məsələn, hansısa Cənubi Amerika ölkəsində küçədə rahat gəzə bilməzsən. Səni götürüb apararlar, cibindəkiləri də çıxararlar. Cinayətkarlıq bizim ölkədə də var. Amma küçədə rahat gəzə bilirsən. Hətta gecə də küçəyə çıxırsan. Bu, o demək deyil ki, cinayətkarlıq yoxdur. Var və bunun üçün də hüquq-mühafizə orqanlarımız mövcuddur. Həmçinin bunu idmanla da müqayisə edə bilərsiniz.

Digər Xəbərlər
Xəbər Lenti