Qərb derbisi: Onların problemləri XİRTDƏYƏ QƏDƏRDİR

12 Noyabr 2022 22:20 Araşdırma 696
Qərb derbisi: Onların problemləri XİRTDƏYƏ QƏDƏRDİR

Bazar günü Premyer Liqada qərb derbisi reallaşacaq.

Bu dəfə daha fərqli, daha maraqlı, daha gərgin və daha prinsipial olacaq.

“Kəpəz”in baş məşqçi postunda Tərlan Əhmədovun, rəqib düşərgədə isə Ayxan Abbasovun yer alması kifayət qədər maraqlı faktdır.

Hər ikisi komanda qurmaq və çətin vəziyyətdə nəticə qazanmaq bacarığı ilə tanınır.

“Turan Tovuz”la “Kəpəz” arasında ilk dövrəyə təsadüf edən qarşılaşmada Əhmədov “sükanı” yeni ələ keçirmişdi deyə, işlər qaydasında getmirdi.

Tovuz təmsilçisi isə çempionata uğurlu başlamışdı, futbol dili ilə desək, komanda formadaydı.

Lakin bu dəfəki durum tam fərqlidir. Bir neçə məqam var ki, detallara varanda oyundan əvvəl “Kəpəz”in rəqibindən bir addım olduğunu görmək mümkündür.

İtkilərin çoxluğu

Ən vacib amil “Turan Tovuz”un son matçlarda zədəli futbolçuların çoxluğundan əziyyət çəkməsidir. “Şamaxı” ilə matçda 5, “Qarabağ”la oyunda 6 futbolçu zədə və cəza səbəbindən oyunu kənardan izləməyə məhkum idi.

Noyabrın 13-də yəqin ki, bir neçəsi meydana çıxa biləcək. Lakin son oyunlarda kənarda qalanların “Kəpəz”ə qarşı dueldə tam hazır olacağı inandırıcı deyil. Ayxan Abbasovun axır vaxtlar heyət kasadlığından əziyyət çəkməsi danılmaz faktdır.

10 gündə 3 oyun

Digər məqam “Turan Tovuz”un təqvim baxımından bəxtinin gətirməməsidir. “Qarabağ”ın avrokuboklardakı çıxışı ilə bağlı 3-cü turdakı oyunun təxirə salınması ilə tovuzlulara müraciət etməsi və qarşı tərəfdən müsbət cavab alması səbəbindən məlum qarşılaşma noyabrın 8-də keçirildi.

Noyabrın 4-də “Şamaxı”yla, 4 gün sonra “Qarabağ”la üz-üzə gələn Ayxan Abbasovun yetirmələri noyabrın 13-də “Kəpəz”in önünə çıxacaq. Bu, futbolçu qıtlığından əziyyət çəkən “Turan Tovuz” üçün 10 gün ərzində 3 oyun deməkdir.

Bu baxımdan “Kəpəz”dəki vəziyyət ürəkaçandır. Noyabrın 6-də “Qarabağ”la oynayan gəncəlilər 6 gün istirahət və hazırlıq imkanı qazanıb.

Meydan amili

Meydança faktını da unutmaq olmaz. “Turan Tovuz” daim məşq etdiyi və ev oyunlarını keçirdiyi süni örtükdə yox, qazonda mübarizə aparacaq. İş elə gətirib ki, tovuzluların məhz bu oyuna hazırlaşmaq üçün ot üstündə məşq etmək imkanı yoxdur. Tovuzda və yaxın bölgələrdə normal vəziyyətli qazonun olmaması “ağ-göylər”i “sintetika”da çalışmaq məcburiyyəti ilə qarşı-qarşıya qoyub.

“Kəpəz” bu baxımdan bir addım öndədir. Gəncə şəhər stadionundakı meydannın ideal ot örtüyünə sahib olması və futbolçuların həmin yerdə oynamağa alışması “sarı-göylər”in xeyrinədir.

“Turan Tovuz”a uduzmaq olmaz!

Və vacib məqamlardan daha biri – azarkeş amili. Gəncəli azarkeşlər çılğınlığı və komandanın yanında olmaq bacarığı ilə seçilir. Bu dəfəki rəqib isə Bakıdan gələn hansısa komanda yox, “qulağın dibindəki”, özündə illərin prinsipiallığını daşıyan Tovuz təmsilçisidir.

Müstəqillik tarixinin ilk illərindən başlayan qərb derbisi ədavəti hələ də aktuallığını qorumaqdadır. Gəncəlilər digər komandalara məğlubiyyəti bağışlaya bilir. Di gəl, “Neftçi”ylə “Turan Tovuz”a uduzmaq olmaz! Qərbin paytaxtında belə bir deyim var.

Hətta bu komandalar son illər Birinci Divizionda mübarizə aparanda belə, şəxsi görüşlər zamanı tribunalarda maraqlı ab-hava müşahidə olunurdu, azarkeşlər rəqib meydanında qonaq komandanı dəstəkləyirdi.

Bu və digər faktlar oyunun gərgin və maraqlı keçəcəyinə şübhə yeri qoymur. İndiki məqamda kağız üzərində “Kəpəz” favoritdir. Amma futbolda əsas amillərdən biri də mübarizlik və əzmkarlıqdır ki, “Turan Tovuz” 15 xalı böyük ölçüdə bu keyfiyyətləri sayəsində qazanıb.

Bazar günü Gəncədəki qarşılaşmanın tamamında qeydə alına biləcək mümkün bərabərlik hər bir halda qonaqların könlünü oxşayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti