AFFA-nın Təhsil və Reabilitasiya mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və lisenziyalar təqdim olunub.
Sportinfo.az xəbər verir ki, diplom və lisenziyaları AFFA-nın baş katibi Sərxan Hacıyev, Texniki direktor Cahangir Həsənzadə və kursların təlimatçısı Aslan Kərimov təqdim edib.
Bunların arasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev və "Şamaxı"nın çalışdırıcısı Vüqar Əsgərli də var.
Həmçinin Füzuli Məmmədov, İlham Yədullayev, Osman Rəhimov, İlkin Hüseynov və Cahangir Həsənzadə bura daxildir.
Kurslara qatılan daha 3 məşqçi isə diplom almaq üçün 3 ay gözləməli olacaq.
“Sumqayıt” Futbol Akademiyasının direktoru Hakan Sünal, “Şamaxı”nın sabiq sükançısı Sənan Qurbanov və “Şamaxı-2”nin baş məşqçisi Zaur
İsmayılov göstərilən müddət bitəndən sonra əlavə imtahan verməli olacaq.
Qurbanovla Sünal praktiki məşq sınağından yaxşı qiymət almayıb. İsmayılov isə nəzəriyyəyə aid imtahandan kəsilib.

