“Qarabağ”ın rəqibi haqda QISA ARAYIŞ – Bu komandadan çəkinməyə dəyməz!

10 Noyabr 2022 14:00 Araşdırma 753
“Qarabağ”ın rəqibi haqda QISA ARAYIŞ – Bu komandadan çəkinməyə dəyməz!

“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gəldi.

Avropa Liqasında qrupu 3-cü sırada başa vuran Ağdam təmsilçisi fevralda Belçika təmsilçisi “Gent”lə üz-üzə gələcək.

Futbolsevərlərə yaxşı tanış olan bu adın tarixi haqda ətraflı məlumat verməyə gərək yoxdur. Eyniadlı şəhəri təmsil edən klubun 122 yaşını və mütəmadi Yupiler Liqada çıxış etdiyini xatırlatmaq kifayətdir.

“Camışlar” ötən mövsüm daxili çempionatı 5-ci pillədə başa vuraraq Avropa Konfrans Liqasına vəsiqə qazanıb. Və təsnifat mərhələsində çıxış etmədən birbaşa qrupa yüksəlib.

Qrupda “Mölde”, “Şemrok Rovers” və “Yürqorden”lə münasibətlərinə aydınlıq gətirən Belçika təmsilçisi 2 qələbə və 2 heç-heçə sayəsində 8 xalla 2-ci yeri tutaraq növbəti mərhələyə yüksəlib.

“Gent” İsveç təmsilçisi “Yürqorden”ə hər 2 qarşılaşmada məğlub olub, “Mölde” ilə “Şemrok Rovers”in hər birini 1 oyunda udub, digərində heç-heçə qeydə alınıb.

“Qarabağ”ın rəqibinin Belçika çempionatındakı işlərinin qaydasında getdiyini demək çətindir.

Yupiler Liqada 16 tur geridə qalmasına baxmayaraq, 8 qələbə və 3 heç-heçə sayəsində aktivinə 27 xal yazan “ağ-göylər” 18 komanda arasında 5-ci pillədə yer alıb.

“Gent”i lider “Genk”dən nə az, nə çox, 16 xal ayırır. 2-ci pillədəki “Antverpen”lə xal fərqi isə 7-dir.

Ötən mövsüm də Avropa Konfrans Liqasına vəsiqə qazanan və qrup mərhələsini inamla dəf edən Belçika təmsilçisi pley-off mərhələsində PAOK-a “ilişmişdi”. “Gent” Yunanıstan təmsilçisinə hər 2 oyunda məğlub olub mübarizəni dayandırmışdı.

Göründüyü kimi, zəngin təcrübəsi olmasına baxmayaraq, “Gent” “Qarabağ”ın gözlərini bərəldən rəqib sayılmamalıdır.

Bu il PAOK-la “Yürqorden”ə 4 oyunda uduzan Belçika komandasının Azərbaycanın Avropadakı layiqli təmsilçisinin önündə necə görünəcəyini fevralda birlikdə izləyəcəyik.

“Qarabağ”la “Gent” arasındakı ilk qarşılaşma fevralın 16-da Bakıda, fevralın 23-də səfərdə keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti