“Frayburq”un Bakı planı bəlli olub.
Qrup liderliyini təmin edən Almaniya təmsilçisi səfərdə əlavə vaxt itkisinə ehtiyac duymayıb.
“Ağ-qaralar” Bakıya oyuna təxminən bir sutka qalmış təşrif buyuracaq. Qonaqları gətirən çarter reysli təyyarə noyabrın 2-də saat 19:20 radələrində Heydər Əliyev adına Hava Limanına enəcək.
Oradan birbaşa “Abşeron Marriott” otelinə yollanacaq almanlar çanta və əşyalarını mehmanxayana yerləşdirib birbaşa Tofiq Bəhramov adına Respublika stadionuna üz tutacaq.
“Frayburq” Bakıdakı oyunöncəsi son məşqinə saat 21:30-da çıxacaq.
Bu cür tələm-tələsik səfər proqramı istənilən halda “Qarabağ”ın xeyrinə işləməlidir. Almanlar uzaq yol qət edəcək, iqlim və saat fərqi çətinliyi ilə üzləşəcək, üstəlik, dincəlmək üçün kifayət qədər zaman olmayacaq.
Almaniyadan Azərbaycana 500-ə yaxın azarkeşin gələcəyini xəbər vermişdik. Lakin əcnəbi jurnalistlərin sayı haqda hələ ki, dəqiq məlumat yoxdur.
Noyabrın 3-də Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Frayburq” qarşılaşması saat 21:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

