Azərbaycanlı milyarder Qurban Qurbanovdan sonra niyə riskə getmədi?

27 Oktyabr 2022 22:20 Araşdırma 1 111
Azərbaycanlı milyarder Qurban Qurbanovdan sonra niyə riskə getmədi?

"Ximki"nı hazırda Spartak Qoqniyev çalışdırır.

Premyer Liqa təmsilçisi 41 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalayıb.

Moskva klubu daha əvvəl "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təklif göndərmişdi. Onun imtinasından sonra Tufan Sadıqov başqa bir azərbaycanlının axtarışına çıxıb.

Qarşısına bir neçə namizədin adı qoyulub, Tərlan Əhmədovun məşqçilik karyerası biznesmenin diqqətini çəkib.

Klubda bu barədə müzakirələr gedən vaxt ortaya Spartak Qoqniyev variantı çıxıb ki, azərbaycanlı ilə riskə getmək söhbəti arxa plana keçib.

Açığı, Tufan bəyin özü də çiyinlərini yaxından tanımadığı Tərlan Əhmədov yükünün altına verməyə o qədər də həvəsli olmayıb.

Azərbaycanlı iş adamı klubda yeni strukturun formalaşdırılmasına və yaxından tanıdığı həmyerlilərini “Ximki”yə cəmləməyə çalışır.

Yeni idman direktoru kimi. Bu vəzifəyə Anar Məmmədov təyin edilib. 24 yaşlı azərbaycanlı futbol funksioneri daha əvvəl klubun seleksiya şöbəsində çalışıb. İrəliləyən həftələrdə yeni adların gündəmə gəlməsi də istisna olunmur.

1 il əvvəl “Hatayspor”un təklifini geri çevirən Qurban Qurbanov bu dəfə Rusiyanın ortabab kollektivində işləməkdənsə, karyerasını “Qarabağ”da davam etdirib avrokuboklarda mütəmadi iştirakı üstün tutdu.

Həmin an Qurbanovun imtinasından çox “Ximki”nin təklifi sual doğurdu. Rusiyada o qədər klub varkən, niyə məhz “Ximki”?

Çünki klubdakı əsas söz sahiblərindən biri, daha doğrusu, pul xərcləyən şəxs azərbaycanlı iş adamıdır - Tufan Sadıqov.

Bu ad Azərbaycan futbol ictimaiyyətinə yaxından tanış olmasa da, Rusiyada kifayət qədər məşhur biridir.

Biznesmen, futbolu sevən, inşaat sektorunda körpü tikintisinə rəhbərlik edən şəxs kimi. Bir müddət öncə 50 yaşını tamamlayan Sadıqov 30 ildən artıqdır bu ölkədə yaşayır. Əslən Tərtər rayonundandır, gənc yaşlarında Azərbaycanı Rusiyaya dəyişib.

Tufan bəyin oğlu İlya Sadıqov Rusiya Premyer Liqasından tanıdığımız futbolçudur. Hazırda “Ximki”nin şərəfini qoruyur.

Ata Sadıqovun klubun investorlarından birinə çevrilməsinin səbəbi də oğlunun “qırmızı-qaralar”ın sıralarında olmasıdır. Həm övladının futbolçu kimi yetişməsi, həm də “Ximki”nin ölkədə iddialılardan birinə çevrilməsi üçün Sadıqov cibinin pulunu xərcləyir.

Lakin heç bir vəchlə bunu etiraf etmir. Bir müddət öncə “Matç TV”dən olan həmkarımız Tufan bəylə söhbətdə “Ximki”nin uğursuzluğunun səbəbini üzə çıxarmaq istəyib. Di gəl, biznesmenin reaksiyası sərt olub.

“Ximki”yə yaxınlığını inkar edib, jurnalistə suallara klub rəhbərliyi ilə söhbətdə aydınlıq gətirə biləcəyini tövsiyə edib. Azərbaycanlı iş adamının kluba pul xərclədiyini “Ximki”də uşaqdan-böyüyə hər kəs bilir.

Qurban Qurbanovun burada çalışması da məhz Tufan bəyin istəyi, arzusu olub.

Yaxın ətrafı ilə bu barədə danışanda, tanışları ona Qurbanovun “Qarabağ”ı “Ximki”yə dəyişməsinin mümkünsüzlüyünü bildirsə də, o, israr edib və klub rəsmilərinə Qurban bəylə əlaqə yaratmağı tapşırıb.

Sadıqov yaxınları ilə söhbətdə komandanı bu vəziyyətdən Qurban Qurbanovun çıxaracağını əminliklə söyləyib, baş məşqçi təklifi qəbul edəcəyi halda ona hər cür şərait yaradacağını dilə gətirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti