Tərlan Əhmədovun "qara işlər"i - O, indi də "Kəpəz"də "hoqqa verir"

25 Oktyabr 2022 16:40 Araşdırma 2 524
Tərlan Əhmədovun "qara işlər"i - O, indi də "Kəpəz"də "hoqqa verir"

Tərlan Əhmədovun gəlişindən sonra “Kəpəz”in vəziyyəti müəyyən mənada düzəlib.

Yaşar Vahabzadənin dönəmində 4 oyunda aktivinə xal yaza bilməyən Gəncə təmsilçisi son 7 qarşılaşmadan 1 qələbə ilə ayrılıb, 2 dəfə bərabərə qalıb, 4 matçda məğlubiyyət acısı yaşayıb.

Əhmədovu yaşıl meydanlarda kapitan kimi xatırlayıb, məşqçi kimi “Neftçi”ylə “Keşlə”də etdiklərini göz önünə gətirənlər “Kəpəz”in yaxın zamandakı işıqlı gələcəyinə ümid edir. Ancaq bu, heç də hamıda belə deyil.

Futbolu dərindən dərk edən gəncəli fanatlar və şəhərin saçını futbolda ağartmış əksər mütəxəssisləri Tərlan bəyin güclü məşqçi keyfiyyətlərinə sahib olduğu halda, xarakter baxımından ciddi “axsadığını” eşitmişdisə, artıq əyani şahidi olmaqdadır.

Gələn ay 51 yaşını tamamlayacaq mütəxəssis “Kəpəz”də çalışdığı ayyarım ərzində verdiyi qərarlar və danışdığı sözlərlə özü öz işini çətinə salmaqdadır.

Milli karyeralı Rauf Əliyevi, ardınca illərdir “Kəpəz”in “ürəyi” sayılan Əli Səmədovu da əvəzedici komandaya göndərən baş məşqçi, əslində, digər gəncəli Tural Rzayevin də “qələmini qırıbmış”. Lakin sonradan nə düşünübsə, Rzayevi tələsik sərəncamına qaytarıb.

Gəncəli futbolçulara güc göstərən və “Qəbələ” ilə oyundan sonrakı mətbuat konfransında dilinə gətirdiyi sözlərlə aşağı-yuxarı “mən olan yerdə gəncəli futbolçular qoçuluq edə bilməz” mesajını verən Əhmədov hərəkətləri və açıqlamaları ilə yerli fanatları özünə qarşı qaldırmaqdadır.

Gəncənin futbol sferasında həssas yer olduğunu bilməyən yoxdur. Kənardan gələn məşqçilər üçün burada çalışmaq 300 manatla ailə saxlamaq qədər çətindir. Ancaq Tərlan Əhmədova hələ ki, dözürlər.

Komandada məşqçilik statusundan artıqlaması ilə istifadə etməsi, icra başçısının, idman nazirinin stadion ziyarətləri zamanı özünü gözə soxması kənardan baxanlarda ikrah doğururdusa, köməkçilərinin arasına “Kəpəz”in əfsanələrindən sayılan Füzuli Allahverdiyevi almaması ilə şəhərdə özünə xeyli düşmən qazandırıb.

Adam işinin ustasıdır. Kimlərlə və necə “işləmək” lazım gəldiyini yaxşı bilir.

Odur ki, boş vaxt tapan kimi şəhid ailələri və qazilərlə görüşür, hansısa mənada onlara yardım edir. Əhmədov hazırda əsas diqqətini ətrafını bərkitməyə ayırıb. Bu mənada Gəncədəki köhnə dostları köməyinə çatır.

“Neftçi”ylə oyunda tribunada, Azərbaycan bayrağının aşağı küncündə üzərinə Tərlan Əhmədovun şəninə sözlər yazılmış plakat şəhərin fanat ordusunun əl işi yox, “dost payı” idi.

Qarşıdakı ev oyunlarında xeyrinə şüarlar səsləndiriləcək, plakatlar açılacaq. Özünə arxa seçdiyi şəxslərlə münasibəti hələ ki, əladır.

Bəlkə də “Kəpəz”lə nəticə verəcək, üzləri güldürəcək, ancaq xarakteri və gördüyü “qara işlər” bu adamın başına bəladır.

Əks halda “Neftçi”yə “bürünc” qazandırıb, “Keşlə”ni avrokuboklara daşıyan məşqçiyə hər iki halda qapını göstərməzdilər ki.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti