"Kəpəz"in üzləşdiyi "FÖVQƏLADƏ PROBLEM" – AFFA-dan əmr gəlib ki…

2 Avqust 2022 13:00 Araşdırma 1 548
"Kəpəz"in üzləşdiyi "FÖVQƏLADƏ PROBLEM" – AFFA-dan əmr gəlib ki…

Dünən "Kəpəz"lə bağlı yayılan son xəbər hər kəsi məyus etdi.

Məlum oldu ki, 3 illik fasilədən sonra Premyer Liqaya qayıdan komanda ev oyunlarını Gəncədə keçirə bilməyəcək.

Buna səbəb kimi Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olması göstərildi.

Premyer Liqada 2022/2023 mövsümünə avqustun 5-də start veriləcək. İlk turda "Kəpəz" "Zirə"ni qəbul edəcək.

Komanda çempionatda ilk ev matçını Bakıda "Dalğa Arena"da oynayacaq. Digər görüşlər haqqında qərar isə qarşıdakı günlərdə veriləcək.

Halbuki bu açıqlamadan az öncə klubdan mətbuata bildirilmişdi ki, "Kəpəz" rəqiblərini Gəncədə qəbul edəcək. O da qeyd olunmuşdu ki, qəzalı vəziyyətdəki tribunalardan birinə azarkeşlərin buraxılıb-buraxılmayacağı hələ müəyyənləşməyib.

Gəncə azarkeşləri komandanın doğma məkanı Mərdəkana – «Dalğa Arena»ya dəyişməsindən hiddətlənib. Yerli publika bu işin içində bir «oyun» olmasının fərqindədir.

Başa düşürlər ki, Fövqaladə Hallar Nazirliyinin rəyi, sadəcə, əsl həqiqəti ictimaiyyətdən gizlətmək məqsədi daşıyır.

Çempionatı təşkil edən Peşəkar Futbol Liqasının, eləcə də, AFFA-nın nümayəndələri son vaxtlar bir nençə dəfə Gəncəyə səfər edib, stadionun şərtlərini, çatışmazlıqları incələyib. Nə var, nə yox, nə çatışır, nə çatışmır – hamısını öz gözləriylə görüblər.

Arena həmin arenadır – bir neçə ay əvvəldəki kimi. «Kəpəz» ötən mövsüm I Divizion oyunlarını doğma məkanda keçirib və maydan bəri, yəni, klubun Premyer Liqa sıralarına qaytarılması məlum olandan sonra stadionda ciddi işlər görülməyib.

FHN-nin ekspertləri keçən il də idman qurğusunu təftiş etmiş, tribunaların qəzalı vəziyyətdə olmasını müəyyənləşdirmişdi. Sual budur – niyə onda komandanın Divizion oyunlarınıı Gəncədə keçirilməsinə icazə verildi, indi isə yox?

Diqqətli oxucularımız xatırlayır yəqin. Saytımız iyulun 22-si tarixində «Bu şəxs "Kəpəz"in Gəncədə oynamasına qarşı çıxdı, AFFA-nın təklifini qəbul etmədi» başlıqlı xəbər tirajlamışdı (https://www.sportinfo.az/idman_xeberleri/problem/145383.html).
Gerçəkdə hələ 10-12 gün öncə "Kəpəz"in başbilənləri bilirdi ki, ev oyunları Bakıda keçiriləcək. Sadəcə, qərarı son günlərə kimi gizlətməyə, fikir azdırmağa çalışdılar.

Azarkeşlərin Yaşar Vahabzadəni istəməməsi, məşqlərdə belə onun istefasını tələb etməsi adamları lap qorxutdu. Təxmin elədilər ki, komanda Premyer Liqada məğlubiyyətləri sıralasa, nələr baş verəcək.

Klub rəsmiləri AFFA-dan aldıqları tapşırıq əsasında Vahabzadəni qorumağı yerli tərəfdarların futbola marağından üstün tutaraq, tribunaların qəzalı halını bəhanə gətirir indi.

AFFA-dan "Kəpəz"ə gələn göstəriş dəyişməyib: «Nə qədər ki biz istəyəcəyik, Yaşar Vahabzadə orada işləyəcək. Ona toxuna bilməzsiz».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti