Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
Sportinfo.az xəbər verir ki, 12 matçda ümumilikdə 142 000-dək tamaşaçı iştirak edib.
Ən çox fanat Bakıda "Qarabağ" və "Sürix" arasında keçirilmiş qarşılaşmada olub. Görüşü 30 782 tərəfdar izləyib.
İkinci pillədə 29 654 tamaşaçı ilə "Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan) oyunu yer alıb. İlk "üçlüy"ü "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) matçı tamamlayıb - 20 459.
"Qarabağ" rəqibini 3:2 hesabı ilə məğlub edib. Cavab görüşü iyulun 27-də olacaq.
"Sürix"i üstələyəcəyi təqdirdə, "köhlən-atlar" Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, "Qarabağ"ın Polşa "Lex"i ilə keçirdiyi hər iki qarşılaşma I təsnifat mərhələsində ən çox fanatın iştirak etdiyi görüşlər olub.
Poznanda 0:1 hesabı ilə uduzan Azərbaycan çempionu Bakıda rəqibini darmadağın edib - 5:1.

