“Sürix”in baş məşqçisi Franko Foda Azərbaycan səfərində işini möhkəm tutub.
Bakıdakı oyunlar zamanı rəqiblərin ciddi çətinlik çəkdiyini anlayan təcrübəli mütəxəssis sonradan başını tutmamaq üçün əvvəldən başını işlətmək qərarına gəlib.
Ölkəmizə matçdan 1 yox, 2 gün əvvəl gəlmək məhz Fodanın təklifi olub. Alman çalışdırıcı futbolçularını mühitə alışdırmaq üçün bu addımdan yararlanıb.
İndiyə qədər avrokuboklardakı hansısa komandanın Bakıya oyundan 2 gün öncə gəlib, burada 3 məşqə çıxdığını xatırlamaq çətindir. Lakin “Sürix” məhz bu üsuldan yararlanıb.
İyulun 18-də BOS-un ehtiyat meydanında səhər məşqinə çıxan İsveçrə çempionunun üzvləri axşam saatlarında oyunun keçiriləcəyi Respublika stadionunda formaları tərlədib. Bu gün saat 10.00-da BOS-dakı daha bir məşqlə hazırlıq planı başa tutub.
Fodanın məlum qərarının arxasında futbolçularını Bakının istisinə alışdırmaq istəyi dayanır. Səhər məşqlərinin saatının günəşin qızdığı vaxta – 10.00-a təyin olunması da buna görədir. Çünki səhər həmin saatla axşam oyunun başlayacağı 20.00 arasındakı havanın hərarəti aşağı-yuxarı eyni olur.
Daha bir vacib məqam baş məşqçinin oyundan bir gün əvvəlki məşqin vaxtını dəyişdirməsi ilə bağlıdır. İlk planda məşq 20.00-a nəzərdə tutulmuşdusa, sonradan zaman dəyişikliyi ilə hazırlığın vaxtı 17.30-a çəkildi.
Foda Respublika stadionundakı məşq zamanı futbolçuları kölgəyə toplaşmaqdan yayındıraraq, günəş düşən yerdə çalışmağa səsləyib.
HƏBİB

