Bu gün “Qarabağ” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Sürix”lə qaşılaşacaq.
Polşa çempionu “Lex”i biabır edib mübarizədən kənarlaşdıran təmsilçimiz növbəti mərhələyə yüksəlmək üçün bu dəfə eyni aqibəti İsveçrə çempionuna yaşatmalıdır.
“Sürix” necə komandadır? Rəqib haqda nə bilirik? “Qarabağ”ın mərhələ adlamaq şansı nə qədərdir?
İnternet qaynaqlarındakı araşdırmalar nəticəsində “ağ-göylər”i yaxından tanıtdırmağa çalışacağıq.
Yeni transferləri kimlərdir?
Klub rəhbərliyi bu qədər itkinin fonunda heyətə yeni adlar qatmağa çalışıb.
Aralarında ən diqqətçəkəni “Rosenborq” və “Sent-Etyen”dəki çıxışlarına görə tanıdığımız Ole Selnaesdir. Dayaq yarımmüdafiəçisi təmsilçimizlə oyunlarda iştirak edə biləcək.
Çexiya “Jlin”indən dəvət olunan Şeyx Omar Konde də yeni transferlərdəndir. 21 yaşlı qvineyalı yarımmüdafiənin mərkəzində çıxış edir.
Daha bir yeni ad Conatan Okitadır. Almaniyada doğulan Afrikaəsilli hücumçu son 6 ili Niderland Eredeviziyasında keçirib ki, bu müddətdə 50 qola imzasını yazdırıb.
Və təbii ki, çoxlarına yaxşı tanış olan İvan Santini. Vaxtilə Fransanın yeksək liqasında “Kan”ın, həmçinin Belçika elitasında “Standart”la “Anderlext”in heyətində qolçuluq bacarığını göstərən, Xorvatiya millisində 5 oyuna çıxan cüssəli forvard bundan sonra “Sürix”li azarkeşlərə Siseyin yoxluğunu unutdurmağa çalışacaq.
Avrokuboklarda nə ilə öyünürlər?
Əsas suallardan biri də “Sürix”in beynəlxalq təcrübəsinin çəkisidir.
Ölkə daxili yarışlarda olduğu kimi, Avropa arenalarındakı uğurlar da əsasən ötən əsrə təsadüf edir. İsveçrə təmsilçisi 1963/64, eləcə də 1976/77 mövsümlərində iştirak etdiyi Çempionlar Liqasında yarımfinala qədər irəliləməyi bacarıb.
Yox, söhbət son 20 ildəki çıxışdan gedirsə, ən böyük nailiyyət “ağ-göylər”in 2009/10 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində “Real Madrid”, “Milan” və “Marsel”lə eyni qrupda mübarizə aparması olub.
2018/19 mövsümünü də onlar üçün yaddaqalan hesab etmək olar. Birbaşa iştirak imkanı qazandıqları Avropa Liqasının qrup mərələsində “Bayer Leverkuzen”, “Ludoqorets” və “Apollon” kimi rəqiblərin olduğu cədvəldə “Sürix” 10 xal toplayaraq pley-offa yüksəlib.
Bu mərhələdə “Napoli” “Qarabağ”ın rəqibinə 5:1-lik ümumi hesabla yerini göstərib.
Təbii, “Sürix”in son 10 ildə avrokuboklardakı oyun sayı “Qarabağ”ınkı qədər deyil. Amma Avropanın aparıcı klubları ilə qarşılaşdığını və tək-tük hallarda istədiyi nəticəyə imza atdığını nəzərə alsaq, vəziyyətin onlar üçün bərbad olmadığını deyə bilərik.
HƏBİB / SPORTİNFO.AZ

