"Qarabağ"ın başına bəla ola biləcək 10 milyonluq italyan kimdir?

19 İyul 2022 13:00 Araşdırma 1 559
"Qarabağ"ın başına bəla ola biləcək 10 milyonluq italyan kimdir?

"Qarabağ" Çempionlar Liqasında mübarizəsinə bu gün qaldığı yerdən - ikinci təsnifat mərhələsindən davam edəcək.

Rəqib son İsveçrə çempionu "Sürix"dir. Kifayət qədər Avropa təcrübəsi olan rəqibin heyətində sanballı, bahalı futbolçular da az deyil.

Məsələn, Vilfred Qnonto kimi. Söhbət əksəriyyətin "rəqibin heyətində İtaliya millisinin üzvü var" dediyi addan gedir. Bəs o, kimdir?

Fildişi Sahili əslli futbolçu İtaliyada dünyaya göz açıb.

O, İtaliya nəhəngi "İnter"in yetirməsi olub. Bu komandanın U-17, U-18 və U-19 komandalarında çıxış edib.

Paralel olaraq İtaliyanın U-16 və U-17 yaş qrup millilərinə də dəvət alıb. İki yaş qrup millilərlə meydana çıxdığı 20 matçda 6 dəfə adını tabloya yazdırıb.

2020-ci il, cəmi 16 yaşında İsveçrə təmsilçisi "Sürix"ə transfer olunub.

İki il əvvəl İtaliya nəhəngindən İsveçrəyə köç etmək geriyə addım kimi qiymətləndirilə bilərdi, amma zaman tam tərsini göstərmiş oldu.

Afrikalı futbolçu yeni komandasında İtaliyanın əsas millisinə yüksəlməyə kimi özünü inkişaf etdirə bildi.

İlk ilində o qədər də diqqət çəkməyən oyunçu ötən mövsümdən daha çox şans qazanmağa və fərqlənməyə başlayıb.

O, İsveçrə təmsilçisində meydana çıxdığı 62 matçda 11 qol vurub, 9 asist edib.

Öncə İtaliya U-19 yığmasına çağrılan forvard burada forma şansı qazandığı 10 qarşılaşmada rəqib qapılarından 5 top keçirib.

Təbii ki, Vilfreddəki belə inkişaf İtaliya millisinin çalışdırıcısı Roberto Mançininin də gözündən qaça bilməzdi və qaçmadı da.

Təcrübəli mütəxəssis əsas milli üçün 18 yaşlı istedada ilk dəfə ötən ay dəvət göndərdi. Millətlər Liqasında Almaniya millisi ilə baş tutan matçda debüt edən hücumçu qol vura bilməsə də bərabərə bitən görüşdə (1-1) komandasının vurduğu yeganə qolun asistini etmiş oldu.

Millətlər Liqasının sonrakı 3 görüşündə də Mançini ona oynamaq şansı verib. Hətta Almaniya yığması ilə ikinci qarşılaşmada Vilfred İtaliya millisindəki ilk qolunu da vurmağı bacarıb. 90 dəqiqə meydanda olan oyunçu 5-2 məğlub olan İtaliya yığmasının ilk təsəlli qolunun müəllifi olub. Bəstəboy hücumçunun indiki qiyməti artıq 10 milyon avrodur.

İtaliya doğumlu hücumçu karyerasını hazırkı sürətlə inkişaf etdirə bilsə, yəqin ki, qiymət daha da yüksələcək və gələcəkdə bu adı hələ çox xatırlayacağıq.

Bir sözlə, rəqib matçın taleyini təkbaşına həll edə biləcək potensiala sahib futbolçuya məxsusdur.

Gələcəyi və potensialı ilə bir işimiz yoxdur, amma ümid edək ki, bu axşam Bakıda onun günü olmayacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti