“Qarabağ” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Sürix”lə qaşılaşacaq.
Polşa çempionu “Lex”i biabır edib mübarizədən kənarlaşdıran təmsilçimiz növbəti mərhələyə yüksəlmək üçün bu dəfə eyni aqibəti İsveçrə çempionuna yaşatmalıdır.
“Sürix” necə komandadır? Rəqib haqda nə bilirik? “Qarabağ”ın mərhələ adlamaq şansı nə qədərdir?
İnternet qaynaqlarındakı araşdırmalar nəticəsində “ağ-göylər”i yaxından tanıtdırmağa çalışacağıq.
20-ci əsrdə cəmi 4 çempionluq
Avqustun ilk günündə 125 yaşını qeyd edəcək klub 1896-ci ildə yaradılıb. İsveçrə çempionatlarında iştirak etdiyi mövsümlərdə daim ali hədəfini ortaya qoyan Sürixin eyniadlı komandası daxili və xarici yarışlarda uğur qazanmağı bacarıb.
“Sürix” 13 dəfə ölkə çempionu, 10 dəfə ölkə kubokunu muzeyinə aparıb. Lakin uğurları heç də mütəmadi hal daşımayıb. 2021/22 mövsümünü çempion qismində başa vurub ki, sonuncu dəfə bu sevinc 13 il əvvəl – 2009-cu ildə yaşanılıb.
1981-ci ildəki “qızıl”dan sonra uzun müddət susqunluq müşahidə olunub. Növbəti çempionluq 2006-cı ildə gəlib. 2007 və 2009-cu illərdə də çempion olan “ağ-göylər” 21-ci əsrdəki dördüncü çempionluğu bu il bayram edib. Qısası, 13 “qızıl”dan 9-u 19-cu əsrə təsadüf edir.
10 dəfə əldə olunan ölkə kuboku isə əsrlər arasında tam yarılanıb. 5-i ötən əsrin payındadır, 5-ci yaşadığımız əsrin.
Çempion olub, Bundesliqaya getdi
Azərbaycanlı futbolsevərlərin marağını kəsb edən əsas sual “Sürix”in hazırkı durumudur.
Əvvəla onu qeyd edək ki, cəmi 1 ay əvvəl komandada baş məşqçi dəyişikliyi yaşanıb. 13 ildən sonra komandanı İsveçrə çempionu edən Andre Braytenrayterlə yollar hər nə qədər qəribə səsləndə də, mövsüm bitən kimi ayrılıb.
Daha doğrusu, baş məşqçi karyerasını İsveçrədə davam etdirməkdə maraqlı olmayıb.
Buna Almaniya Bundesliqasından – “1899 Hoffenhaym”dan aldığı cəlbedici təklif səbəb olub. Daha öncə “Şalke 04” və “Hannover 96”nı çalışdırmış alman mütəxəssis vətəninə qayıtmağı üstün tutub.
Boş qalmış postda onu başqa bir alman – Franko Foda əvəzləyib. Məşqçi kimi karyerasının 16 ilini “Şturm”a həsr edən, bu komanda ilə Avstriya çempionuğunu və ölkə kubokunun sevincini yaşayan 56 yaşlı mütəxəssis futbolçu kimi “Bazel”də top qovsa da, bu, məşqçi kimi İsveçrədə ilk iş yeridir.
Qısa müddətdə komandanı nə dərəcədə tanıdığını və oyun fəlsəfəsini kollektivə nə qədər aşılaya bildiyini “Qarabağ”la oyunlar göstərəcək.
Aparıcı futbolçular klubu tərk edib
“Sürix”in yeganə çətinliyi baş məşqçinin yeni olması ilə bağlı deyil. Komandada da kifayət qədər ciddi dəyişikliklər baş verib. Daha doğrusu, “ağ-göylər”i çempionluq taxtına qaldıran aparıcı futbolçuların bir neçəsi kollektivi tərk edib.
Ötən mövsüm 35 oyunda 22 qola imzasını yazdırmış Assan Sisey A Seriyasında mübarizə aparan “Leççe”yə üz tutub. Assanın yoxluğunu “Sürix” üçün ciddi itki hesab olunur.
Osman Dumbiya da ötən mövsüm İsveçrə çempionunun heyətində əvəzolunmaz sima kimi yadda qalıb. 2021/22 mövsümündə 37 oyunda şans qazanmış 30 yaşlı futbolçu çempionat başa çatan kimi başqa bir İsveçrə klubu “Luqano” ilə anlaşıb.
Sloveniya millisinin üzvü Blaj Kramer isə karyerasını “Leççe”də davam etdirmək qərarına gəlib. Son 3 ildə “Sürix”in formasında meydana çıxdığı 89 oyunda 21 qola imza atan hücumçunun yoxluğu da mütləq hiss olunacaq.
Ante Çoriç də bundan sonra “Sürix”də olmayacaq. “Roma” 25 yaşlı xorvat yarımmüdafiəçini isveçrəlilərə 1 illik icarəyə vermişdi. Həmin müqavilə başa çatdığından, Çoriç İtaliya nəhənginə qayıtmalı olub.
Beçir Omeragiçlə Bledian Krasniqi klubun yetirmələri hesab olunur və son mövsümdə mütəmadi forma şansı qazanıblar. Lakin hansısa səbəblər üzündən “Qarabağ”la matçlar üçün sifariş olunmayıblar.
HƏBİB / SPORTİNFO.AZ

