İsveçrə çempionu “Sürix” cari mövsüm avrokuboklarda məhz “Qarabağ”la oyunda debüt edəcək.
İyulun 19-u Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın rəqib üçün hansı önəm daşıyacağını demək artıqdır.
Qonaqlar ilk növbədə “Lex”in aqibətini yaşamamağa çalışacaq, ən pis halda cavab görüşü öncəsi sərfəli nəticəyə ümid edəcək.
Oyun saatında azarkeşlərin Respublika stadionunda hansı ab-havanı yaradacağını isə birlikdə görəcəyik.
“Qarabağ” – “Sürix” görüşündə yaşananları isveçrəli fanatlar da canlı izləyəcək. Belə ki, meydan sahibi klub onlar üçün 29-cu sektoru ayırıb.
Lakin saylarının “Lex”in tərəfdarları qədər olacağını demək olmaz. İş burasındadır ki, “Sürix” həmin sektor üçün 100 bilet sifarış edib.
Lakin dəqiq sayın ən yaxşı halda 50 nəfər olacağı təxmin edilir. Qonaqlar üçün bilet satışını “Sürix” onlayn qaydada təşkil edir.
Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşü çərçivəsində baş tutacaq “Qarabağ” – “Sürix” oyunu iyulun 19-u, saat 20:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

