Sabah AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçiriləcək.
Toplantı videokonfrans formatında baş tutacaq.
Saat 17:00-da başlayacaq iclasın gündəliyinə daxil edilən məsələlərdən biri də Hakimlər Komitəsinin sədri vəzifəsinə təyinatın müzakirəsidir.
AFFA hazırda 4 namizəd arasında seçim edir. Fritz Stuxliki əvəzləməyə şansı olanlardan ikisi yerli, ikisi əcnəbi mütəxəssisdir.
Həmin xaricilərdən biri UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassarasdır. AFFA yunanıstanlı funksioneri hələ 2018-ci ildə ölkəmizə dəvət etmək fikrində olub.
Lakin Vassaras həmin vaxt Avropa futbol qurumundan ayrılmaq istəmədiyini bildirərək, sədr postuna Fritz Stuxliki məsləhət görüb.
AFFA məhz onun təqdimatı ilə avstriyalını Xaqani Məmmədovdan boşalan vəzifəyə təyin edib.
4 il Hakimlər Komitəsinə rəhbərlik eləmiş Stuxliklə müqavilə növbəti müddətə uzadılmadı. İndi bu yerdə çalışmağa ikinci namizəd türkiyəlidir.
Onun adı açıqlanmasa da, bir vaxtlar Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinə sədrlik etdiyi bildirilir.
SPORTİNFO.AZ

