"Sportinfo"nun əməkdaşının "Qarabağ"ın "İmarət"ində bir günü - VİDEO

10 İyul 2022 16:40 Araşdırma 866
"Sportinfo"nun əməkdaşının "Qarabağ"ın "İmarət"ində bir günü - VİDEO

İmarət adını ilk dəfə ən yanğılı tonda Adil Nadirovdan dilindən eşitmişdim. "Qarabağ"ın sabiq prezidenti Adil Nadirov.

Bu, təxminən 20 il əvvələ təsadüf edirdi.

"Qarabağ" hələ onda Sumqayıt şəhərində yerləşən "İnşaatçı" stadionunda məşq edirdi. Erməni işğalının qurbanı olan 9-10 yaşlı mən və mənim kimi evindən didərgin düşən bir neçə uşaq hər gün arenaya gələr, komandanın məşqlərin izləyərdik.

Komandanın indiki uğurları, indiki imkanları yox idi. Qaçqın statuslu kasıb komanda idi. Məhz Nadirov minbir əziyyətlə "İmarət"in "Qarabağ"ını yaşatmağa çalışırdı. Pulunu, malını, canını sərf edərək. Bacardı da!

Bugünkü "Qarabağ"a görə həm də rəhmətlik Adil Nadirova borclu olduğumuzu heç vaxt unutmamalıyıq.

Təxminən 10 il əvvəl eyni adlı fankluba qoşulanda isə "İmarət"i tanımışdım. Sehrinə, əzəmətinə vurğun olmuşdum. Bir zamanlar "İmarət"də oyunlara gedən, "Qarabağ"a fanatlıq edən "İmarət"çilərin sayəsində.

Elə "İnşaatçı" stadionundan tanıdığım, amma son illər münasibətimiz yaranan Səttar Əliyev, Müşfiq Hüseynov kimi veteranlarla söhbətlərdə isə "İmarət"i xəyali gəzmiş, orada "yaşamışdım". Amma hər zaman "bir gün görüşünə gələ biləcəmmi" sualı qəlbimdən ağır daş kimi sallalı qalmışdı.

Dünən o "daş" yoxa çıxdı. İllərdi qəlbimi yaralayan o sualla bir yerdə. Çünki dünən həmin "İmarət"in həqiqətinə, özünə çatdım. Bəli, dünən nəhayət ki, düşməndən azad olunan Ağdamda yerləşən "İmarət"ə səfərim baş tutdu.

Düzdü, düşmən tarixi, əzəmətli, haqqında əfsanələr dolaşan stadionu yerlə yeksan edib. "İmarət" tanınmaz hala salınıb.

Nəinki kadrlarını görən mən, hətta işğaldan öncə uşaqlığı orada keçənlər, dəfələrlə tribunalarında "Qarabağ"ın oyunun izləyənlər üçün də bu beləydi.

Əbəs deyil ki, "Bura stadionun harası olub", "orada nə yerləşirdi", "ora da tribuna olub" kimi suallarıma bir zamanlar burada oyun izləyən ağdamlılar böyük ürək ağrısı və göz yaşları içində cavab verirdilər.

Bəli, "İmarət" vəhşi düşmən tərəfindən məhv edilib. Amma torpağı, havası ki qalır...

Mən də 3-5 dəqiqəlik vaxt imkanımdan istifadə edib, böyük qürurla, sevinclə azad "İmarət"in torpağına ayağımı basdım, havasını ciyərlərimə hopdurdum.

Necə də qəribə hisslərdi, ilahi! Sevinci var, üzüntüsü var, göz yaşı var, qüruru var. Hisslərin ən möhtəşəmidir. Bu xoşbəxtliyin izahı yoxdur, adı yoxdur.

Ruhun şad olsun, "İmarət"lə yaşayan, "İmarət"i yaşadan, amma "İmarət"siz dünyasın dəyişən Nadirov!

Gözünüz aydın olsun, "İmarət"çilər, gözünüz aydın olsun Səttar Əliyev, Müşfiq Hüseynovun timsalında bütün veteranlar.

Bütün bu möhtəşəmliyi bizə bəxş edən Allaha sonsuz şükürlər, şəhidlərimizə isə minnətdarlıq borcluyuq. Haqqınızı halal edin, kişilər!

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti