Azərbaycanlı futbolsevərlər “Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki çıxışını səbirsizliklə gözləyir.
Təmsilçimiz sentyabrın 16-da ilk matçına çıxacaq ki, rəqib qrupun favoriti “Bazel”dir.
Rəqibin İsveçrə çempionatında və avrokuboklarda hansı nəticələrə imza atdığını bilirik. Lakin son illər çempion ola bilməməsi Bazelin eyniadlı komandasının əvvəlki gücündən uzaq düşməsi anlamına gələ bilməz.
,Elə indi də kifayət qədər inamlı təsir bağışlayırlar. Rəqibin ən üstün tərəfi isə hücum xətti və orda yer alan futbolçulardır.
İtalyan Sebastiano Espozito ilə Artur Kabral. Birincinin 19, ikincinin 23 yaşı var. Və bu iki forvardın cari mövsümdə (daxili çempionat və avrokubok) birlikdə vurduqları qol sayı 20-yə bərabərdir. 4-nə Espozito imzasını yazdırıb, yerdə qalan 16-sə Kabralın aktivindədir. Fantastik rəqəmdir, deyilmi?
Təsəvvür edin, 2019-cu ildə “Bazel”ə gələn və Avropada başqa heç bir komandanın şərəfini qorumayan 186 sm. boya sahib futbolçu cari mövsümdə İsveçrə çempionatında meydana çıxdığı 6 matçda 8 qol vurub.
1 dəfə poker edib, 1 dəfə dublla yadda qalıb, 2 qarşılaşmada 1 qol vurub, digər 2 halda meydanı qolsuz tərk edib.
Maraqlıdır ki, avrokubok göstəricisi də eynidir: 6 oyun və 8 qol. Konfrans Liqasının qrupuna gələn yolda 6 oyunda şans qazanıb və bütün oyunlarda rəqib qapıçıları məyus edib.
“Tirana” və “Uypeşt”lə ev və səfər görüşlərində, eləcə də, “Hammarbü” ilə səfər oyununda meydanı 1 qolla tərk edən “Bazel”in “vuran ayağı”, “Hammarbü” ilə İsveçrədəki qarşılaşmada het-triklə yadda qalıb.
Qısası, Kabral son 2 ayda - iyulun 22-dən bu yana şans qazandığı 12 oyunda 16 qol vurub. Bir hücumçu üçün müdhiş göstəricidir. “Qarabağ”lı müdafiəçilər rəqibi saxlamağın yollarını indidən axtarmalıdır.
SPORTİNFO.AZ