AVRO-2020-nin ilk həftəsinin proqnozları: Türkiyənin şansı qalırmı?

20 İyun 2021 13:20 Araşdırma 1 365
AVRO-2020-nin ilk həftəsinin proqnozları: Türkiyənin şansı qalırmı?

Avropa çempionatının final mərhələsinin başlamasının bir həftəsi tamam oldu.

Pandemiya səbəbindən bir il ertələnən AVRO-2020-nin qalibi olmaq şansları yüksək dəyərləndirilən ölkələr hər oyundan-oyuna məlum olmağa başlayıb.

Təəssüf hissi ilə qeyd etməliyik ki, qardaş Türkiyə millisinin qrupdan çıxmaq şansları demək olar, sıfıra enib. İki oyuna 5 qol qapısında görüb, rəqib qapılarına top göndərə bilməyən Türkiyə milli komandası sonuncu oyununu iyunun 20-də saat 20:00-da Bakı Olimpiya Stadionunda İsveçrəyə qarşı keçirəcək.

Bəs idman mütəxəssisləri, tanınmış futbol azarkeşləri nə deyir, favorit komandalar hansılardır? Qardaş Türkiyə millisinin növbəti mərhələyə çıxma şansı qalırmı?

Futbol azarkeşi kimi tanınan deputat Aqil Abbas Türkiyə millisinin belə oyun nümayiş etdirməkdə baş məşqçini günahkar görür: “Kimsə Burakın əvəzinə oynayası deyil ki? Bir dəfə Azərbaycan milli komandası uduzmuşdu. Futbolçularımız həmin oyunda Argentinanın formasına oxşar forma geyinmişdilər. İrfan Sapmaz var idi. Yazmışdı ki, Azərbaycan millisi Argentinanın formasını geyinib, Masallının ”Viləş" komandası kimi oynayır. İndi də Şenol Günəşin millisi qardaş ölkənin formasını geyinib, Azərbaycan milli komandası kimi oynayır. Çox zəif oynayırlar. Özü də onların hər biri ulduz futbolçudur. Avropada söz çıxaran, ad qoyan, qabaqcıl klublarda oynayırlar. Bunlar komandalarını çempionluğa daşıyanlardır. Amma Şenol Günəş çox qocalıb. 2000-ci illərin məşqçisindən əsər-əlamət qalmayıb. Türkiyənin bu cür oynaması məşqçinin günahıdır. Sanki oyunçular oruc tutub meydana çıxmışdılar. Arzularımız çox idi. Təəssüflər olsun ki, heç bir şans qoymadılar".

Dağıstanın deputatları bizdən çox maaş alır

Aqil Abbas: “Futbolda uduzmaq faciə deyil, üzücü olan oynamamaqdır”

Deputat bütün oyunlara baxır: “Bütün oyunlara baxan biri kimi deyirəm ki, İtaliya, Fransa milliləri yaxşı oynayır. Amma balet etdiyim milli Almaniyadır. Orada iki türk balası oynayır. Bu baxımdan istərəyəm ki, Almaniya çempion olsun. İndidən hələ ki, dəqiq proqnoz vermək olmur. Belçika ilk oyunu çox yaxşı oynadı, amma növbəti maçda çətin duruma düşdü. Belçikada bir türk oynayır. İstərəyəm ki, onlar da irəli getsinlər, finala çıxsınlar və finalda Almaniyaya uduzsunlar. İtaliya, Fransa baxdığım oyunlardan gəldiyim nəticə ilə hazırda ən yaxşı oyun oynayan ölkələrdir. Amma unutmayaq ki, ”alman maşını" deyilən bir termin var".

A.Abbas türk millisində mübarizə ruhunun çox zəif olduğunu da qeyd etdi: “Sanki ürəksiz oynayırlar. Oruc tutub meydana çıxdıqları vaxtlar həmin türk oyunçular daha yaxşı oyun nümayiş etdirirdilər. Azərbaycan və Türkiyə prezidentləri meydana gəlib, bunlara azarkeşlik etdilər, bu nüans da futbolçulara kömək olmadı. Canlarını meydanda qoymalı idilər. Oyuna iki prezident, 300-350 milyon türk baxırdı. Futbolda uduzmaq faciə deyil, üzücü olan oynamamaqdır. Sanki ya məşqçi ilə futbolçular arasında soyuqluq var idi, ya da qısa müddətdə zəif hazırlıq keçmişdilər. Hamımıza böyük acı verdi. Futbola stadiondan baxmıram. Çox adam olur və mənə ziyan verə bilər. İzmirdən qonaqlarım gəlib, ata-baladır. Keçmiş millət vəkilidir. Futbola baxmağa gəliblər. Çox istəyirəm ki, heç olmasa onlar dilxor qayıtmasınlar”.

FutbolPress.Az | Jurnalist Natiq Muxtarlı ölümlə hədələndi

Natiq Muxtarlı: “Türkiyə yığması təcrübəsizliyinin qurbanı oldu”

Sportinfo.az-ın yazarı Natiq Muxtarlı Türkiyə adına çox təəssüflənir: “Əslində ilk həftədən sonra favoritlərin siyahısında elə bir ciddi dəyişikliyin olduğunu iddia etmək olmaz. Çempionat ərəfəsində də Fransa, Belçika, İngiltərə və İtaliyanın şansları yüksək qiymətləndirilirdi. İlk həftədən sonra da bu yığmaların çempionluğa əsas iddiaçılar olduğu göründü. Amma ilk həftədə təəccübləndirici məqamlar da var. İspaniya və Almaniya yığmaları çempionata yaxşı başlamadılar. İspanlarla hər şey aydındır. Nəsil dəyişməsi baş verir. Amma bu dəyişiklik də ənənəvi oyun sisteminə əsaslanaraq baş verir. Təsadüfi deyil ki, İspaniya qalib gələ bilməsə də, İsveçlə oyunda topa sahibolma göstəricisinə görə turnirin rekordunu yenilədi. Almaniyanın oyununda isə lənglik aşkar hiss edildi, bu qocalıqdan doğan lənglikdir. Böyük ehtimalla, bu çempionatdan sonra Almaniya yığmasında da bəzi dəyişikliklər olacaq. Mənim üçün ən gözlənilməz nəticəni İtaliya yığması göstərdi. Adətən bu yığma Avropa və dünya çempionatlarında qrup oyunlarını çox zəif keçirir. Qrupdan çıxdıqdan sonra isə qarşısıalınmaz olurlar. Amma bu dəfə tam başqa İtaliya gördük. İlk iki oyunu birnəfəsə keçirən İtaliya var. Və ola bilər ki, bu İtaliya elə 1/8 finalda dayansın. Hər şey ola bilər, çünki futbol sürprizlərlə doludur. İlk həftənin oyunlarından sonra mənim əsas favoritim Belçika yığmasıdır. Bu komanda hər cür potensiala sahibdir. Türkiyə yığmasının isə qrup mərhələsini adlamaq şansı, demək olar ki, yoxdur. Təəssüflənməkdən başqa əlimizdən nə gəlir ki? Ola bilsin ki, Türkiyə yığması elə təcrübəsizliyinin qurbanı oldu. Turnirin ən gənc yığmasının üzvləri seçmə mərhələ ilə final mərhələsini səhv saldılar. Belə deyək ki, məsuliyyətli ola bilmədilər, eyforiyadan ayılmadılar. Ümid edirəm ki, bu çempionat, parlaq karyeraları hələ öndə olan futbolçular üçün dərs olacaq və biz növbəti Avropa Çempionatında tam fərqli Türkiyə görəcəyik. Hətta bu fərqli Türkiyəni Dünya Çempionatında da görə bilərik”.

Nişan və toy mərasimlərinə futbol oyunlarından daha çox adam gəlir"

Kənan Məstəliyev: “Qardaşlarımıza möcüzə gərəkdir”

İdman yazarı Kənan Məstəliyev möcüzə nəticəsində qardaş ölkənin qrupdan çıxa biləcəyini söylədi: “Avropa çempionatı yaxşı başlayıb, oyunlar maraqlıdır. Hər bir matçın öz hekayəsi var. Ən əsas məqam isə tribunalarda çoxsaylı azarkeşləri görməyimizdir. Həyat normala qayıdır, dərindən nəfəs alır, böyük məmnuniyyətlə və zövqlə bu futbol bayramını izləyirik. Öncədən proqnozlaşdırıldığı kimi Fransa, İtaliya, İngiltərə, Portuqaliya, Belçika və digərləri öz favorit statusunu təsdiq edirlər. Eyni zamanda, aşkar autsayder sayılan yığmalar da sürprizlər etməyi bacarırlar. Ən böyük gözlənilməzlik isə çox təəssüf ki, Türkiyə yığmasıdır. Qrupdakı ilk matçını uduzan ay-ulduzlular, qrupdan çıxmaq şanslarını minimuma endiriblər. Hətta deyərdim ki, bu şans artıq yoxdur. Bu qrupda 3-cü kimi pley-offa yüksəlmək üçün qardaşlarımıza möcüzə gərəkdir. Şenol Günəşin yetirmələrinin bu qədər zəif, aciz oyununa heç bir izah tapmaq olmur. Xüsusilə də, Uelslə matçda yol verilən səhvlərin səbəbini anlamaq mümkün deyil. Heyətində ”Yuventus", “Lester”, “Liverpul”, “Lill”, “Milan” və digər nəhənglərin futbolçuları olan millinin bu cür çıxışı fiaskodan başqa bir şey deyil. Çox təəssüf..."

Cavanşir ABBASLI

Digər Xəbərlər
Xəbər Lenti