Bu gün II Liqada mövsümün ikinci hissəsinə start veriləcək.
Çempionluq uğrunda mübarizə aparan «Cəbrayıl» 15-ci turun oyununa sabah çıxacaq.
Cavid Hüseynovun çalışdırdığı komanda «Kürmük»lə (Qax) qarşılaşacaq.
Qarabağ təmsilçisi 2024-cü ilə böyük islahatlarla başlayıb. Kollektivi xeyli sayda tərk edən var (14 nəfər). Eyni zamanda gələnlərin sayı yeddidir.
Heç şübhəsiz, onların başında Elvin Məmmədov dayanır.
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Mövsümün ilk yarısını I Liqada - "Karvan"da keçirmiş Ruslan Voronsovla 6 aylıq kontrakt bağlanıb.
"Qarabağ"ın yetirməsi Polad İbrahimov sezonu burada başa vuracaq. Qapıçı Fərman Bayramov və yarımmüdafiəçi Rəvan Hacıyev də onun kimi.
İki müdafiəçi - Zahir Mirzəzadə “Zirə-2”dən, Samir İbrahimov MOİK-dən dəvət olunub.
Gedənlərin siyahısına isə aşağıdakı oyunçular daxildir:
Mənsum Hüseynov, Mübariz Hüseynzadə, Ağabəkir Həşimli, Namaz İsmayılov, İntiqam Məmmədov, Anar Tağıyev, İman Müseyibov, Kamran Yolçiyev, Elvin Nəsibov, Nihad Şirinzadə, Nazim Kərimli, Mehman Süleymanlı, Elvin Dəmirov və Saleh Süleymanov.
«Cəbrayıl» 14 tura 30 xal toplayıb və turnir cədvəlinin üçüncü pilləsində yer alıb. İkinci sıradakı «Şahdağ»la göstəriciləri eyni olan kollektiv lider «Bakı Sportinq»dən 7 xal geri qalır.
SPORTİNFO.AZ

