Bölgəni təmsil edən daha bir klub Bakıya köçüb.
II Liqada mübarizə aparan «Şəmkir» artıq paytaxtda yerləşib.
«Ağ-qırmızılar» respublikanın bir nömrəli şəhərində yerləşmiəklə doğma rayondan üz çevirməli olub. Komanda məşqlərini burada keçirir. Çempionatın ev oyunlarını isə Şağan Olimpiya Kompleksində qəbul edəcəklər.
Şəmkirdən köçün səbəbi maliyyə böhranıdır. Yerli iş adamları kluba maliyyə dəstəyini geri çəkib.
Bundan sonra əsasən AFFA-nın ayırdığı ianə hesabına fəaliyyət göstərmək məcburiyyətində qalıblar. Aylıq 5800 manatla regionda komanda saxlamaq isə məşəqqətdən də betərdir.
Çünki «Şəmkir»in şəmkirli oyunçu arsenalı yoxdur: kollektiv böyük ölçüdə gəlmələrdən formalaşıb. Onları isə az maaş qarşılığında bölgəyə gəlmək istəmir.
Bu üzdən klub rəhbərliyi Bakıya köçü yeganə çıxış yolu sayıb.
«Ağ-qırmızılar» qarşıdakı mövsümə Fərid Məmmədovla başlayacaq. Gənc mütəxəssislə 1 illik müqavilə imzalanıb.
O, ötən mövsüm də II Liqada çalışıb. «Qaradağ Lökbatan»da Qəzənfər Abbasovun köməkçisi işləyib.
Şəmkirin eyniadlı təmsilçisi Fərid Məmmədovun qarşısına konkret tapşırıq qoymayıb.
Ondan nə çempionluq istənilir, nə də yüksək yerlər uğrunda mübarizə aparmaq. Sadəcə, komanda turnir cədvəlinin orta sıralarında qərarlaşmalıdır.
Qərb təmsilçisi ölkənin titullu klublarından biridir. «Şəmkir» zamanında iki dəfə ölkə çempionu olub, kubok qazanıb.
SPORTİNFO.AZ
