"Futbolçuya "səni söysələr də, sona kimi oynamalısan" deməyə mənim haqqım çatmır"

11:40 II Divizion 184
"Futbolçuya "səni söysələr də, sona kimi oynamalısan" deməyə mənim haqqım çatmır"

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçiriləcək.

Burada İkinci Liqanın son turunda keçirilən “Kür Araz” - “Araz Saatlı” oyununda (3:0) baş verən davaya hüquqi münasibət bildiriləcək.

Belə ki, İmişlidəki qarşılaşmanın 90+1-ci dəqiqəsində futbolçular arasındakı mübahisə davaya çevrilib.

Hər iki komandanın futbolçuları əlbəyaxa dava edib. Azarkeşlər də meydana daxil olub, aranı bir qədər də qarışdırıb.

Onlardan bir neçəsi qonaq oyunçuları döyməyə çalışıb. Baş hakim Sənan Bayramzadə hər iki tərəfdən 2 nəfər qırmızı vərəqə göstərib, matç isə yarımçıq dayandırılıb.

İntizam Komitəsinin saat 14:00-da başlayacaq toplantısında kritik qərarların çıxarılması gözlənilir. Bunun başında «Kür-Araz»a 0:3 hesablı texniki məğlubiyyətin verilməsi gəlir.

Həmçinin klubun böyük məbləğdə cərimələnməsi və minimum 5 oyunda azarkeşlərin stadiona buraxılmaması kimi cəzaların çıxarılması istisna olunmur.

Eyni zamanda «Araz Saatlı» da başverənlərdən ötrü federasiyaya şikayət ünvanlayıb, əlindəki kadrları təqdim edib.

AFFA həmin qərarı çıxararsa, «Araz Saatlı» turnir cədvəlində son pillədən qurtulacaq və Region Liqasına yuvarlanmayacaq. Əksinə, 9-cu pilləyə yüksələcək, «Ağstafa Gəncləri» isə 12-ci sıraya enəcək.

«Araz Saatlı»nın baş məşqçisi Şəhriyar Məmmədov Sportinfo.az-a açıqlamasında bir sıra mühüm məqamlara aydınlıq gətirib:

«Oyunda olanların görüntülərinə baxmısız. Mən birbaşa "niyə belə oldu" sualına gəlirəm, çünki hər bir hadisənin səbəbini axtararkən, öncə özümüzə sual verməyi bacarmalıyıq - «Nə üçün bu dava baş verdi?".

Nə olsaydı, bu dava baş verməzdi. Bir-birinin əksi olan iki davranış var - nizam və xaos.

Cəmiyyət həmişə xaosa meyilli olub. Nizamı tətbiq etmək üçün sərt qaydalara, qanunlara həmişə ehtiyac var.

İlk dəqiqələrdən aqressiv oynamağa başlıyan rəqib daha sərt üzünü göstərməklə nələrin baş verə biləcəyinə artıq şüuraltı "mesajlar" verirdi.

Sual verə bilərsiz ki, bəs siz bunu görürdüzmü?. Əlbəttə, görürdüm.

Çünki «Kür-Araz»ın bizə qalib gəlməsi üçün ən əlverişli gedişi aqressiya idi. Bu haqda öz komandamı əvvəlcədən məlumatlandırmışdım.

Cavan hakim qardaşımızı tez-tez diqqətli olmağa, lazım olan anda kart göstərməyə səsləyirdim. Mənə ən ağır gələn odur ki, dördüncü hakimə dediyim heç bir sözə məhəl qoyulmadı.

Ona nə demişdim, o da oldu. İlk dəqiqələrdən oyunu «oxumaq» çox da çətin deyildi.

Dava olacağını dəfələrlə hakimlərə söylədim. Deməli, «nə olsaydı, belə olmazdı» sualının cavabı buradadır.

Kartlar anında və lazım olan oyunçuya verilməli idi. Amma əksi bas verdi. İndi isə gəlirəm azarkeşlərin meydana girməsinə.

Əgər azarkeş futbolçunu döyürsə, onun yeganə çıxış yolu canını qurtarıb qaçmaqdır. Deyirlər ki, guya biz meydanı tərk etmişik, bir də geri qayıtmamışıq.

Mən uşaqlardan geri qayıtmalarını tələb edəndə, cavab o oldu ki, bir neçəsinin nəsil-nəcabəti təhqir olunub, bir neçəsi tamaşaçılar tərəfindən döyülüb, bəziləri qeyri-etik jestlərlə hamımızı təhqir edib.

Futbolçularım deyirdi ki, biz bir də meydana çıxsaq, ya gərək kiməsə nəsə edək, ya da özümüzə qəsd edək, çünki var-yoxumuz təhqir olunur.

Mən heç bir oyunçumu geri qaytara bilmədim. Buna mənim mənəvi hüququm çatmırdı.

Nə deməliydim onlara? "Sənin var-yoxunu söysələr də, sona kimi oynamalısan" deməyə mənim nə haqqım çatır, nə hüququm.

Açığı, o cür məlum tərbiyəsiz jestlərdən sonra futboldan çox diksindim.

Bu gün İntizam Komitəsinin bu olayla bağlı iclası gözlənilir. Ümid edirəm ki, ilboyu çəkdiyimiz əziyyəti nəzərə alıb, obyektiv qərar verilər və haqq-ədalət öz layiqli yerini tapar».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti